18 AVQUST — SƏRHƏDÇİLƏRİN PEŞƏ BAYRAMIDIR
Vətən sərhəddən başlayır. 18 avqust Azərbaycanda sərhədlərimizin keşiyində dayanan, dövlət sərhədinin toxunulmazlığını təmin edən sərhədçilərin peşə bayramı kimi qeyd olunur.
Azmedia.Az xəbər verir ki, 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul etməsi ilə Azərbaycan sərhəd mühafizəsinin əsası qoyulub. Həmin qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk sərhəd mühafizə dəstəsi yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamı ilə isə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü elan edilib.
Bu əlamətdar gün Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin etibarlı qorunması istiqamətində göstərdiyi fədakarlığın və peşəkarlığın təqdir edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərhəd təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biridir. Etibarlı qorunan sərhədlər ölkənin təhlükəsizliyi ilə yanaşı, iqtisadi və ticari əlaqələrin inkişafı, mümkün təhdidlərin qarşısının alınması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır.
Bu gün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti dövlət sərhədinin mühafizəsi kimi məsuliyyətli və şərəfli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirir. Sərhədçilərimiz Vətən qarşısında üzərlərinə düşən borcu layiqincə icra edərək ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verirlər.
18 Avqust — Sərhədçilərin Peşə Bayramı Günü münasibətilə bütün Azərbaycan sərhədçilərini təbrik edir, şərəfli xidmətlərində uğurlar arzulayırıq!
Vətən sərhəddən başlayır! 🇦🇿


