Range Rover-in yanacaq çənini deşən lyuk hələ də təmir edilməyib – Piyada keçidində təhlükəli vəziyyət- VİDEO

Range Rover-in yanacaq çənini deşən lyuk hələ də təmir edilməyib – Piyada keçidində təhlükəli vəziyyət-

Bakının Həsən Əliyev küçəsində üç gün əvvəl avtomobilə ciddi ziyan vuran lyuk qapağının hələ də bərpa edilməməsi narahatlıq doğurur. Mövcud vəziyyət həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır.

Azmedia.Az xəbər verir ki, üç gün əvvəl gecə saatlarında Həsən Əliyev küçəsində yerləşən lyuk qapağının qırılması nəticəsində Range Rover markalı avtomobilin yanacaq çəni deşilib və nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisədən üç gün keçməsinə baxmayaraq, sözügedən lyukun qapağı hələ də bərpa olunmayıb.

Diqqətçəkən məqamlardan biri də lyukun birbaşa piyada keçidinin üzərində yerləşməsidir. Qapağın zədələnmiş vəziyyətdə qalması piyadaların hərəkətinə və həmin yoldan azyaşlı uşaqla keçən piyadalara da təhlükə yaradaraq onların yolu təhlükəsiz şəkildə keçməsini çətinləşdirir.

Bununla yanaşı, xüsusilə gecə saatlarında ərazidən hərəkət edən avtomobillərin həmin çalaya düşməsi nəqliyyat vasitələrinin zədələnməsi ilə nəticələnir. Lyukun ətrafında yaranmış təhlükəli vəziyyət sürücülər üçün əlavə risk yaradır.

Mövcud vəziyyət nəzərə alınaraq, aidiyyəti qurumların əraziyə baxış keçirməsi, lyuk qapağının bərpası və təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər görməsi vacibdir.

Problemin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsələyə diqqət yetirməsi məqsədəuyğun olardı.

Aidiyyəti qurumlara müraciət olunub, cavab daxil olduqda dərc ediləcək.         

Əli Şəyəldiyev 

Azmedia.Az