ABŞ–İran müharibəsi 2029-cu ilə qədər uzana bilər – Trampa xəbərdarlıq-
ABŞ–İran qarşıdurmasının gözləniləndən daha uzun müddət davam edə biləcəyi və müharibənin 2029-cu ilin yanvarına qədər uzanmasının mümkün olduğu açıqlanıb.
Azmedia.Az xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, ABŞ Prezidenti Donald Tramp münaqişənin qısa müddətdə sona çatacağını açıqlasa da, Ağ Evin yüksəkvəzifəli müşavirləri müharibənin onun prezidentlik müddəti başa çatanadək davam etməsi ehtimalını diqqətə çatdırıblar.
Məlumata görə, vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubio Oval kabinetdə, həmçinin Ağ Evin Əməliyyatlar Otağında baş tutan müzakirələr zamanı Trampa qarşıdurmanın gələcək inkişafı ilə bağlı müxtəlif ssenarilər və qiymətləndirmələr təqdim ediblər.
ABŞ administrasiyasının rəsmilərinin hesablamalarına əsasən, tətbiq olunan dəniz blokadası və həyata keçirilən hərbi əməliyyatlara baxmayaraq, İran Vaşinqtonun təzyiqlərinə qarşı müqavimət göstərməkdə davam edə bilər.
Belə bir ssenari ABŞ ilə İran arasındakı qarşıdurmanın 2029-cu ilin yanvarına qədər davam etməsi ehtimalını ortaya çıxarıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın uzun müddət müqavimət göstərə bilməyəcəyini deyib. ABŞ Prezidenti həmçinin müharibənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib.


