Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə dünya arenasının əsas ünvanlarından olacaq

Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə dünya arenasının əsas ünvanlarından olacaq

Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışın keçirilməsi ilə bağlı rəsmi təhvil-təslim mərasimi Almaniyanın Frankfurt şəhərində təşkil olunan dünya çempionatının bağlanışında baş tutub.

Azmedia.Az xəbər verir ki, 42-ci Dünya çempionatının bağlanış mərasimində yarışın bayrağı əvvəlcə Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına təqdim edilib. Daha sonra bayraq növbəti dünya çempionatının ev sahibi olan Azərbaycan nümayəndə heyətinə verilib.

Bayrağın təhvil verilməsi ilə 43-cü Dünya çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı simvolik mərasim gerçəkləşib.

Qeyd edək ki, həm 2026-cı ildə keçirilən dünya çempionatı, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq mundial Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Bakıda keçiriləcək yarışda fərdi və qrup hərəkətləri üzrə daha çox gimnastın Olimpiya lisenziyası əldə etmək imkanı olacaq. Bu baxımdan Azərbaycan paytaxtında keçiriləcək dünya çempionatı idmançıların Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizəsində mühüm mərhələlərdən biri hesab olunur.

Beləliklə, Azərbaycan 2027-ci ildə yalnız mötəbər gimnastika yarışına ev sahibliyi etməyəcək, eyni zamanda Olimpiadaya gedən yolda mühüm təsnifat mərhələsinin keçirildiyi ölkə kimi dünya gimnastikasının diqqət mərkəzində olacaq.