Xırdalan–Sumqayıt qatarları nə vaxt işləyəcək? ADY rəsmisindən AÇIQLAMA

Xırdalan–Sumqayıt qatarları nə vaxt işləyəcək?

Xırdalan–Sumqayıt dəmir yolu xətti üzrə sərnişin daşımalarının ilin sonuna qədər bərpa edilməsi nəzərdə tutulur. Hazırda Xırdalan–Biləcəri sahəsində yerləşən körpüdə təmir işləri davam etdirilir.

Azmedia.Az xəbər verir ki, bu barədə Azmedia.Az -a açıqlamasında  Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, təmir işləri tam başa çatdıqdan və zəruri hazırlıq tədbirləri həyata keçirildikdən sonra Xırdalan–Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunacaq.

Bəxtiyar Hacıyev bildirib ki, dəmir yollarında sərnişin və yük daşımalarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə dəmir yolu xətlərinin texniki vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlamalar zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir, onların aradan qaldırılması üçün operativ və planlı tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, Xırdalan–Biləcəri sahəsində yerləşən körpünün təmiri ilə bağlı qərar da məhz bu prosedur əsasında qəbul edilib. Belə ki, əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir işlərinin aparılmasını zəruri edən hər hansı qüsur aşkarlanmayıb. Lakin növbəti diaqnostika zamanı körpüdə qatarların təhlükəsiz hərəkəti üçün risk yarada, eyni zamanda qatarların müəyyən edilmiş intervallarla hərəkətinə mane ola biləcək nöqsanlar müəyyən edilib. Bununla əlaqədar həmin qüsurların dərhal aradan qaldırılması məqsədilə operativ müdaxilə barədə qərar verilib.

Bəxtiyar Hacıyev qeyd edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində ötən ilin sentyabr ayından etibarən Xırdalan–Güzdək sahəsində yeni avtomobil yolu keçidinin inşasına başlanılıb.

Layihənin əsas məqsədi Xırdalan şəhərinin M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı–Şamaxı–Yevlax avtomobil yolları ilə əlaqələndirilməsini təmin etməkdir. Bunun üçün dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidi inşa olunur.

Məhz bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.

Əli Şəyəldiyev

Azmedia.Az