Boşanan valideynlərə yeni aliment öhdəliyi təklifi: Ödəniş 23 yaşadək uzadıla bilər?

Boşanan valideynlərə yeni aliment öhdəliyi təklifi: Ödəniş 23 yaşadək uzadıla bilər?

Ali təhsil alan övladlara boşanmış valideynləri tərəfindən 18 yaşdan sonra da aliment ödənilməsi məsələsi gündəmə gəlib. Təklifin müzakirəsi isə hüquqi baxımdan fərqli yanaşmaların ortaya çıxmasına səbəb olub.

Azmedia.Az xəbər verir ki, ali təhsil alan övladlara aliment ödənişlərinin 23 yaşına qədər uzadılması təklif edilir. Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxış edərək, nikahı pozulmuş valideynlərin aliment öhdəliyinin əyani təhsil alan övladları ilə bağlı 23 yaşınadək davam etdirilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Vəkil Ramil Süleymanov Ajans.az-a açıqlamasında bildirib ki, “Uşaq hüquqları haqqında” Qanuna əsasən, 18 yaşına qədər hər bir şəxs uşaq hesab olunur. Yetkinlik yaşına çatdıqdan sonra isə şəxs artıq uşaq statusunu daşımır.

Onun sözlərinə görə, Ailə Məcəlləsinin tələblərinə əsasən, valideynlərin nikahı pozulduqda məhkəmə uşağın saxlanılması, qidalanması, geyim və digər ehtiyaclarının təmin edilməsi üçün alimentin məbləğini müəyyənləşdirir. Ümumi qaydaya görə, bu öhdəlik övladın 18 yaşına çatmasına qədər qüvvədə qalır.

Vəkil qeyd edib ki, qanunvericilikdə əmək qabiliyyəti olmayan, ağır xəstəlikdən əziyyət çəkən və müəyyən hallarda əlavə xərclərə ehtiyacı olan övladlarla bağlı xüsusi müddəalar nəzərdə tutulub. Bununla belə, yetkinlik yaşına çatmış şəxsin ali təhsil alması və təhsil haqqının ödənilməsi valideynin məcburi öhdəliyi kimi müəyyən edilməyib.

“18 yaşından sonra şəxsin hansı formada, hansı şəkildə təhsil alması, hansı ixtisası seçməsi birmənalı şəkildə onun öz seçimidir, özünün verəcəyi qərardır. Valideynlərinin belə bir qərara görə hər hansı ödəniş etməsi, hesab edirəm ki, yolverilməzdir”, – deyə vəkil bildirib.

Ramil Süleymanov hesab edir ki, ali təhsil alan övladlara aliment ödənişlərinin 23 yaşınadək uzadılması təşəbbüsü valideynlərin əmlak və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.

O vurğulayıb ki, qanunvericilikdə 23 yaşınadək müəyyən sosial ödənişlərin nəzərdə tutulması fərqli hüquqi əsaslara söykənir. Ailə başçısını itirməyə görə pensiya və ya müavinət almaq hüququ müvafiq şərtlər daxilində yaranır və bu mexanizm aliment öhdəliyi ilə eyni deyil.

Vəkilin fikrincə, övladın təhsil haqqı yüksək olan universitetdə oxuması həmin xərclərin avtomatik şəkildə valideynin üzərinə qoyulmasına əsas verməməlidir.

“Əgər övlad illik 5 min, 8 min və ya 10 min manatlıq təhsil haqqı müqabilində təhsil alırsa, bunun günahı valideyndə deyil. Əgər uşağın belə bir qabiliyyəti yoxdursa, həmin təhsil haqqının və xərclərin valideyn tərəfindən ödənilməsi qətiyyən yolverilməzdir”, – deyə Ramil Süleymanov əlavə edib.