Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən üç il ötür.
Azmedia.Az xəbər verir ki, 2023-cü ilin sentyabr ayına qədər Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan mütəmadi atəşə tutulması, ərazilərin minalanmasının davam etdirilməsi və hərbi mövqelərin mühəndis-istehkam baxımından gücləndirilməsi bölgədə vəziyyətin gərginləşməsinə səbəb olub.
Aparılan müşahidələr zamanı Ermənistan silahlı qüvvələrinin bölmələrinin döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə möhkəmləndirildiyi müəyyən edilib.
Bununla yanaşı, həmin bölmələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, səfərbərlik üzrə əlavə qüvvələrin yaradılması və Azərbaycan Ordusunun mövqelərinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi də qeydə alınıb.
Məlumata görə, minalardan təmizlənmiş ərazilərə və mülki əhəmiyyətli yollara terror-təxribat məqsədilə yenidən mina yerləşdirilməsi ilə bağlı hallar da aşkarlanıb.
Sentyabrın 19-da baş verən partlayışlar
2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həyatını itirib.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də mina partlayışına düşməsi nəticəsində hərbi qulluqçular həlak olub və yaralanıb.
Azərbaycan tərəfi bu hadisələrin Ermənistan silahlı qüvvələrinin Qarabağdakı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən törədildiyini bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin əvvəlki xəbərdarlıqları
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına baxmayaraq, Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik baxımından təhlükə yaratdığını bəyan edib.
Bununla əlaqədar Azərbaycan tərəfinin qarşısında bir sıra məqsədlər müəyyənləşdirilib.
Belə ki, üçtərəfli bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi əsas istiqamətlər sırasında olub.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, bərpa və quruculuq işlərinə cəlb olunan mülki şəxslərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədləri qarşıya qoyulub.
Bu məqsədlərlə 2023-cü il sentyabrın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Hərbi mövqelər və obyektlər sıradan çıxarılıb
Antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xəttdə və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlardan istifadə edilməklə sıradan çıxarılıb.
Azərbaycan tərəfinin yaydığı məlumata görə, tədbirlər zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmayıb.
Silah-sursat imkanları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələrində xidmət edən hərbi qulluqçuların döyüş mövqelərini tərk etdiyi bildirilib.
Antiterror tədbirlərinin dayandırılması ilə bağlı 3 şərt
2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Razılaşmanın şərtləri aşağıdakı kimi olub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərini və hərbi postları tərk etməli və tam şəkildə tərksilah olunmalı idi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qanunsuz erməni silahlı dəstələrinin isə buraxılması nəzərdə tutulurdu.
2. Paralel olaraq bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi şərti müəyyənləşdirilmişdi.
3. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş formada həyata keçirilməsi nəzərdə tutulmuşdu.
İlham Əliyev xalqa müraciət edib
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
Dövlət başçısı müraciətində 19 sentyabr 2023-cü ildə başlayan antiterror tədbirlərinin uğurla başa çatdırıldığını və bunun nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirib.
Prezident həmçinin əməliyyat zamanı Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirdiyini qeyd edib.
İlham Əliyev çıxışında əməliyyatın mürəkkəb relyef şəraitində və uzun illər ərzində qurulmuş mühəndis istehkamlarının mövcud olduğu ərazilərdə aparıldığını vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun qarşısına qoyulan əsas vəzifələrdən biri Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi olub.
Prezident mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmaması ilə bağlı hərbçilərə göstəriş verildiyini bildirib. Onun sözlərinə görə, yüksək dəqiqlikli silahlardan istifadə və Silahlı Qüvvələrin peşəkarlığı nəticəsində bu məqsədə nail olunub.
İlham Əliyev həmçinin əməliyyatın qısa müddətdə başa çatdırıldığını və qarşı tərəfin hərbi texnikasının böyük hissəsinin sıradan çıxarıldığını qeyd edib.
192 hərbçi şəhid olub
Lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.
Əməliyyatdan sonra Qarabağ ərazisinə baxış keçirilərkən Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müxtəlif təyinatlı minalar və kustar üsulla hazırlanmış partlayıcı qurğuların saxlanıldığı anbarlar da aşkarlanıb.
Aşkar edilmiş minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal edildiyi müəyyənləşdirilib.
Həmçinin əldəqayırma partlayıcı qurğuların artilleriya mərmilərindən kustar üsulla hazırlandığı müəyyən olunub.
Müsadirə edilən silah və hərbi texnikanın sayı
2023-cü il oktyabrın 2-si saat 18:00-a olan məlumata əsasən, Qarabağda antiterror tədbirlərindən sonra aşkarlanaraq müsadirə edilmiş silah, sursat və hərbi texnikanın sayı belə göstərilib:
- Atıcı silahlar – 2 608
- Qumbaraatanlar – 235
- Top və haubitsalar – 60
- Minaatanlar – 64
- Tank əleyhinə silahlar – 58
- HHM silahları – 165
- Zirehli texnika – 31
- Avtomobil texnikası – 265
- Qoşqular – 23
- Yardımçı texnika – 9
- Raketlər – 1 700
- Top və haubitsa mərmiləri – 5 177
- Zenit top mərmiləri – 31 771
- Minaatan mərmiləri – 12 806
- Qumbaralar – 5 880
- Əl qumbaraları – 3 068
- Patronlar – 2 009 970
- Digər sursatlar – 5 778
- Optik cihazlar – 314
- Digər cihazlar – 38
- Fərdi təchizat vasitələri – 1 027
- Müxtəlif silahların qurğuları – 15
- Digər təchizat vasitələri – 3 323.
Qondarma qurum fəaliyyətini dayandırıb
2023-cü il sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərən qondarma qurum özünü buraxdığını elan edib.
Bu barədə həmin quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar qəbul edib.
Qərara əsasən, qondarma rejimin bütün qurum və təşkilatlarının fəaliyyəti 2024-cü il yanvarın 1-dən tam dayandırılıb.
Bununla da “Dağlıq Qarabağ respublikası” adlandırılan qurumun fəaliyyətinə son verildiyi elan olunub.


