Nigar Fərhad barədə qərar verildi: “AID Group”la bağlı yeni şikayətçi ortaya çıxdı

Nigar Fərhad barədə qərar verildi: “AID Group”la bağlı yeni şikayətçi ortaya çıxdı

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AID Group” xaricdə təhsil şirkətinin fəaliyyəti ilə bağlı şikayətlərin sayı artmaqda davam edir. Şirkətlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılır. 

Azmedia.Az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da “AID Group”dan şikayətçi olan şəxslərdən biridir.

Rüfət Mikayılov iki il əvvəl ABŞ-də təhsil almaq məqsədilə “AID Group”a müraciət edib. Ona şirkət tərəfindən müqavilə təqdim olunub və şərtlərlə razılaşdıqdan sonra 2 min ABŞ dolları ödəyib.

Şikayətçinin sözlərinə görə, daha sonra ona təqdim olunan müqavilədə ilkin sənəddən fərqli şərtlərin olduğunu müəyyən edib. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödəniş tələb olunması və digər əlavə şərtlər yer alıb.

Rüfət Mikayılov ofisdə yeni müqavilə ilə tanış olduqdan sonra “AID Group”la ilkin razılaşmadan imtina etdiyini bildirib:

“Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan bir manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.

Şikayətçi həmçinin “AID Group”un ofisinə daxil olarkən girişdə telefonunun əlindən alındığını deyib. Onun sözlərinə görə, bu qayda müştərilərin səs yazmasının qarşısını almaq məqsədilə tətbiq olunub.

Hazırda “AID Group”la bağlı Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Məlumata görə, bir neçə zərərçəkmişə dəymiş zərər ödənilib. 

Bununla yanaşı, Nigar Fərhad cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Nigar Fərhad barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib. İttihamlar məhkəmə istintaqı nəticəsində təsdiqlənəcəyi təqdirdə, qanunvericiliyə uyğun olaraq onun 5 ildən 10 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, iki ay əvvəl “AID Group” fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. 

///qafqazinfo.az