“5000 manat verdim, 350-400 manat qaytardı” – məhkəmədə “povestka” paylayan şəxsin ifadəsi
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azmedia.Az xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Qabil Quliyev ifadə verib.
Quliyev məhkəmədə digər təqsirləndirilən İntiqam Kərimovla necə tanış olmasından danışıb.
O bildirib ki, həmin vaxt rayonda çağırış vərəqələrinin (“povestka”) paylanması ilə məşğul olub. Nəvəsini Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında yerləşən bərpa mərkəzinə apardıqdan sonra kafelərdən birinə gedib. Burada İntiqam Kərimovla tanış olduğunu deyən Quliyev onun özünü mühafizəçi kimi təqdim etdiyini söyləyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Kərimovun səmimi davranışına inanıb və ona 5000 manat pul verib. Kərimov həmin məbləği geri qaytaracağını desə də, sonradan yalnız 350-400 manat qaytarıb.
Quliyev daha sonra ona 2-3 sənəd verildiyini və həmin sənədləri qoruyub saxlamasının tapşırıldığını bildirib. O, telefon zəngindən sonra yola çıxdığını və ağ rəngli avtomobillə gələn şəxsə sənədləri təhvil verdiyini deyib.
Quliyev məhkəmədə zərərçəkmiş şəxslərdən heç birini tanımadığını da qeyd edib.
Proses zamanı şahid qismində S.A. da dindirilib. O, Qabil Quliyevin qohumu olduğunu, digər təqsirləndirilən şəxsləri isə tanımadığını bildirib.
Növbəti məhkəmə iclasının oktyabrın 16-da saat 16:00-da keçirilməsi qərara alınıb.
İş üzrə istintaqın müəyyən etdiyi hallar
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verdiyi bildirilən qanunsuzluqlarla bağlı daxil olan şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İlkin istintaq zamanı Əlişirin Əliyevin vəzifədə olduğu müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girdiyi müəyyən edilib.
İstintaq materiallarına əsasən, əlilliyin müəyyənləşdirilməsi üçün əsas yaratmayan xəstəlikləri olmayan şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə külli miqdarda rüşvət alındığı bildirilir.
Araşdırma zamanı həmin şəxslərin faktiki olaraq həkim-məsləhət komissiyasında müayinədən keçirilmədiyi, buna baxmayaraq TƏBİB-in “e-tabib” elektron sisteminə bilərəkdən yanlış tibbi diaqnoz məlumatlarının daxil edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərildiyi müəyyən edilib.
İttiham olunan Cinayət Məcəlləsi maddələri
Əlişirin Əliyev Cinayət Məcəlləsinin:
- 308.2-ci maddəsi – ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə;
- 311.3.2-ci maddəsi – təkrarən rüşvət alma;
- 311.3.3-cü maddəsi – külli miqdarda rüşvət alma;
- 313-cü maddəsi – vəzifə saxtakarlığı
maddələri ilə ittiham olunur.
Qabil Quliyev və İntiqam Kərimov isə:
- 178.1-ci maddə – dələduzluq;
- 32.5, 308.2-ci maddələr – ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə;
- 32.5, 311.3.2 və 311.3.3-cü maddələr – təkrarən və külli miqdarda rüşvət alma cinayətinə kömək etmə;
- 32.5, 313-cü maddə – vəzifə saxtakarlığına kömək etmə
maddələri ilə ittiham ediliblər.
Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, məhkəmə hökmü qanuni qüvvəyə minənədək şəxslər təqsirsiz sayılırlar.


