Vaşinqtondan Moskva ilə bağlı yeni addım: Müharibə bitmədən razılaşmalar gündəmdə

Vaşinqtondan Moskva ilə bağlı yeni addım: Müharibə bitmədən razılaşmalar gündəmdə

ABŞ administrasiyası Ukraynadakı münaqişənin başa çatmasını gözləmədən Rusiya ilə müəyyən biznes razılaşmaları əldə etmək imkanını müzakirə edir.

Azmedia.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb. 

Nəşrin məlumatına görə, Vaşinqton bu variantı Moskva ilə aparılan danışıqlara yeni yanaşmanın tərkib hissəsi kimi nəzərdən keçirir. ABŞ rəsmilərindən biri bildirib ki, münaqişənin başa çatmasından əvvəl belə razılaşmaların əldə olunması Vaşinqtonun Rusiya ilə münasibətləri yenidən qurmaq niyyətinin ciddi olduğunu nümayiş etdirə bilər.

Danışıqlara yaxın olan iki mənbə də ABŞ-nin Ukraynadakı münaqişənin yekunlaşmasını gözləmədən Rusiya ilə müəyyən razılaşmalar əldə edə biləcəyini təsdiqləyib. 

“The New York Times”in yazdığına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner Rusiya tərəfini döyüş əməliyyatlarının dayandırılmasına təşviq edə biləcək yeni variantlar üzərində işləyirlər.

Qeyd olunur ki, ABŞ rəsmiləri iqtisadi əməkdaşlığın mümkün şəkildə danışıqlar prosesini irəlilətmək üçün vasitələrdən biri kimi istifadə edilməsini də nəzərdən keçirirlər. 

Bununla belə, ABŞ ilə Rusiya arasında mümkün biznes razılaşmalarının konkret olaraq hansı sahələri əhatə edə biləcəyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, Stiv Uitkoff və Cared Kuşner sentyabrın əvvəlində əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. Bu səfərlər Ukrayna münaqişəsinin dayandırılması istiqamətində ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların yenidən canlandırılması cəhdi kimi təqdim olunub.