DTX-nin 5 ölkədə keçirdiyi əməliyyatın detalları açıqlandı – 10 nəfər saxlanılıb VİDEO

DTX-nin 5 ölkədə keçirdiyi əməliyyatın detalları açıqlandı – 10 nəfər saxlanılıb

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 5 ölkədə keçirilən paralel antiterror tədbirləri nəticəsində terrorçuluğa hazırlıq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərlə bağlı araşdırmalar aparılıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

Bu barədə DTX məlumat yayıb. 

Bildirilib ki, həyata keçirilən tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin Azərbaycan vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və digərləri ilə Azərbaycanda ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi müəyyən edilib.

Onların bu məqsədlə keçirdikləri gizli görüşlər və telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.

Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri Azərbaycan vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplayıblar.

Həmçinin onların planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə razılığa gəldikləri müəyyən olunub.

Araşdırmalar zamanı cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan Azərbaycan vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və digər şəxslər vasitəsilə Azərbaycanın hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi də müəyyən edilib.

Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, eləcə də pulköçürmə mexanizmləri ilə bağlı çoxsaylı mötəbər dəlillər əldə olunub.

Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilib.

5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilib. 

DTX-nin məlumatına görə, cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci maddələri və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb ediliblər.

Həmin maddələr terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq və digər əməlləri əhatə edir.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.