Azərbaycanda LGBT təbliğatı ilə bağlı hansı məhdudiyyətlərdən danışılır?

Azərbaycanda LGBT təbliğatı ilə bağlı hansı məhdudiyyətlərdən danışılır?

Azərbaycanda LGBT mövzusunun ictimai məkanlarda və informasiya vasitələrində təbliğinə məhdudiyyətlər tətbiq ediləcəyi barədə məlumat yayılıb. Təklif olunan tədbirlərin media, internet, reklam, kino və təhsil sahələrini əhatə edə biləcəyi, pozuntulara görə isə cərimə və digər inzibati tədbirlərin nəzərdə tutulduğu bildirilir.

Azmedia.Az xəbər verir ki, Globalinfo.az-ın yaydığı və Baku.ws-nin istinad etdiyi məlumata görə, nəzərdə tutulan məhdudiyyətlərin bir neçə istiqamətdə tətbiqi planlaşdırılır.

Media və internet sahəsi: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılmasının məhdudlaşdırılması nəzərdə tutulur.

Reklam və kino: Müvafiq məzmunun reklam materiallarında və filmlərdə yayılmasının, eləcə də təbliğinin qadağan ediləcəyi bildirilir.

Təhsil sahəsi: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edən məzmunun məqbul hesab edilməyəcəyi qeyd olunur.

Hüquqi məsuliyyət: Qanun pozuntularına görə cərimələrin və digər inzibati tədbirlərin tətbiq edilə biləcəyi bildirilir.

Məlumatda bu addımların əsaslandırılması uşaqların sağlamlığına və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə əlaqələndirilir. Həmçinin “qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliğinin uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcəyi, həmin kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayanlara yayılmasının qadağan olunacağı iddia edilir.

Bildirildiyinə görə, nəzərdə tutulan tədbirlər kütləvi informasiya vasitələrini də əhatə edə bilər. Pozuntu aşkarlandığı halda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media subyektlərinin isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlərdən bəhs olunur. Media qurumunun sahibinin və rəhbərinin də məsuliyyət daşımasının nəzərdə tutulduğu qeyd edilir.

İnternet və telekommunikasiya şəbəkələri ilə bağlı məhdudiyyətlər də məlumatda yer alır. Belə ki, onlayn paylaşımların, videoların, bloq yazılarının və ictimai çağırışların mümkün məhdudiyyətlərin tətbiq dairəsinə düşə biləcəyi bildirilir.

Reklam və kino sahəsində bu qaydaların tətbiqinin də ayrıca əhəmiyyət daşıdığı vurğulanır.

Hüquqi məsuliyyət məsələsinə toxunulan məlumatda pozuntunun xarakterindən asılı olaraq cərimələrin, təkrar xəta törədildikdə isə inzibati həbsin tətbiqinin mümkünlüyündən danışılır. Media və internet resurslarına qarşı tənbeh tədbirlərinin müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcəyi də qeyd olunur.