Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın doğum günüdür.
Azmedia.Az xəbər verir ki, Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.
1993-cü ildə Kəlbəcərin işğalı ilə əlaqədar ailəsi Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə ailəsi ilə birlikdə Rusiyaya köçüb və Hökumə Əliyeva Volqoqrad vilayətində 1-ci sinifdən 6-cı sinfə qədər təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və o, təhsilini burada davam etdirib.
Hökumə Əliyeva Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. O, təhsilini magistratura və doktorantura pillələrində də davam etdirib.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, daha sonra isə stüardessa kimi fəaliyyət göstərib.
Hökumə Əliyeva 25 dekabr 2024-cü ildə AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190” tipli təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Qəza zamanı o, son anlara qədər sərnişinləri sakitləşdirməyə çalışıb və “Hər şey yaxşı olacaq” ifadəsi ilə yaddaşlarda iz qoyub.
Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva sərnişinlərin həyatının xilas edilməsində göstərdiyi yüksək peşəkarlıq, şücaət və fədakarlığa görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.


