Bakıda 10 yeni ünvanda sərnişinlər üçün xüsusi dayanma məntəqələri yaradılıb-
Paytaxtda sərnişinlərin rahat şəkildə nəqliyyata minib-düşməsi və taksilərin müəyyən olunmuş ərazilərdə dayanması üçün yeni məntəqələr təşkil edilib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən tibb və sosial xidmət müəssisələrinin yaxınlığında 10 yeni minib-düşmə yeri və taksi duracağı yaradılıb.
Yeni məntəqələrin təşkili zamanı bəzi mövcud parklanma yerləri ləğv edilib. Həmin ərazilərdə sürücüləri məlumatlandırmaq məqsədilə “3.28 – Durmaq qadağandır” və “5.14 – Minik taksilərinin duracaq yeri” nişanları, eləcə də xüsusi hərəkət zolaqlarında müvafiq məlumat lövhələri quraşdırılıb.
Yeni məntəqələrin yerləşdiyi ünvanlar:
Cavadxan küçəsi – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı;
İsmayıl bəy Qutqaşınlı küçəsi – 1 saylı Bakı DOST Mərkəzinin yanı;
Heydər Əliyev prospekti – 3 saylı Bakı DOST Mərkəzinin yanı;
Ziya Bünyadov prospekti – 4 saylı Bakı DOST Mərkəzinin qarşısı, avtobus zolağında;
Abbas Mirzə Şərifzadə küçəsi – 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı;
9-cu köndələn küçəsi – 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı;
Hüseynbala Əliyev küçəsi – “Memar Əcəmi” metro stansiyasının yaxınlığı;
Süleyman Sani Axundov küçəsi – “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığı. Burada həm minib-düşmə yeri, həm də taksi duracağı yaradılıb;
Füzuli küçəsi – “28 Mall”un yanı;
Şəmsi Bədəlbəyli küçəsi – “28 Mall”un yanı, avtobus zolağında.
Beləliklə, paytaxtın qeyd olunan ərazilərində sərnişinlərin minib-düşməsi üçün müəyyən edilmiş yerlərdən istifadə etmək mümkün olacaq. Xüsusi nişanlarla işarələnən ərazilərdə nəqliyyat vasitələrinin dayanması ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması tələb olunur.


