6500 manat ödənildi, əməliyyat yarımçıq qaldı – EGE Hospital pulları niyə qaytarmır?-FOTO

6500 manat ödənildi, əməliyyat yarımçıq qaldı –

Bakıda fəaliyyət göstərən EGE Hospital-la bağlı pasiyent yaxınları tərəfindən şikayət səsləndirilib. İddialara görə, əməliyyat üçün 6500 manat ödəniş edilsə də, tibbi müdaxilə başa çatdırılmayıb və vəsait indiyədək geri qaytarılmayıb.

Azmedia.Az xəbər verir ki, pasiyent yaxınlarının bildirdiyinə görə, oktyabrın 2-də Maya Əli qızı Qasımova EGE Hospital-a yerləşdirilib. Ona burada diaqnoz qoyulub və EFM+ ablasiya əməliyyatının aparılması üçün 6500 manat ödəniş tələb olunub.

Ödəniş həyata keçirildikdən sonra həmin gün saat 20:20-də əməliyyata başlanılıb. Lakin təxminən 1,5 saat sonra həkim Ramil Hacıyev tibbi müdaxiləni yarımçıq saxlayaraq pasiyenti KT müayinəsindən keçirmək məqsədilə əməliyyat otağından çıxarıb.

Yaxınlarının sözlərinə görə, həkim xəstənin damarının zədələnmiş ola biləcəyini əsas gətirərək KT müayinəsinin aparılmasının vacib olduğunu bildirib.

Müayinədən sonra damarların zədələnmədiyi bildirilsə də, əməliyyat davam etdirilməyib. Həkim pasiyentin ürəyinin çox zəif olduğunu, damarlarının isə əməliyyat üçün uyğun olmadığını qeyd edib.

Beləliklə, xəstə əməliyyat aparılmadan xəstəxanadan evə buraxılıb. Ancaq iddiaya görə, bununla yanaşı, əvvəlcədən ödənilmiş 6500 manat da geri qaytarılmayıb.

Məsələ ilə bağlı əməliyyatı həyata keçirməli olan həkim Ramil Hacıyevlə də danışmağa cəhd göstərilib. Lakin həkim məsələyə aydınlıq gətirmək üçün klinika rəhbərliyi ilə əlaqə saxlanılmasının daha məqsədəuyğun olduğunu bildirib.

Məsələ ilə bağlı EGE Hospital-ın mövqeyi hələlik məlum deyil.

Qeyd edək ki, bu EGE Hospitalla bağlı artıq neçənci şikayətdir bu cür hallar təkrarlanır.

Azmedia.Az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.