Bakıda məktəbli geyimi qaydalarına görə 37 nəfər həbs edildi – DİN-dən AÇIQLAMA

Bakıda məktəbli geyimi qaydalarına görə 37 nəfər həbs edildi –

Bakıda dövlət məktəblərində vahid geyim formasının tətbiqi ilə bağlı yaranan münaqişələrdən sonra 37 nəfər həbs edilib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyimlərinin tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik yaradılması zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Bakıda bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə əlaqədar məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub.

Həmin şəxslər ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisələrinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd ediblər.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü maddəsi — ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 37 nəfər həbs edilib.

Nazirlikdən bildirilib ki, görülən tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaqdır. Həmçinin şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyinin qorunması nəzərdə tutulur.

DİN vətəndaşlara qanunvericiliyin tələblərinə əməl etməyi, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, eləcə də polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməyi tövsiyə edib.

Qeyd olunub ki, ictimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və belə əməlləri törədən şəxslər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar.