Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilir
Rusiyada saxlanılan və Azərbaycanda beynəlxalq axtarışda olan şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı proses yekunlaşdırılır.
Azmedia.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycan vətəndaşı Nahid Rasim oğlu Əlicanlının Rusiyadan Azərbaycana ekstradisiyası ilə bağlı Azərbaycan tərəfinin müraciəti təmin edilib.
Məlumata görə, ekstradisiya məsələsi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun şəkildə həyata keçirilib.
Əlicanlı Nahid Rasim oğlu Qubadlı Hərbi Prokurorluğunda aparılan ibtidai istintaq çərçivəsində araşdırılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə əsaslı şübhəli bilinir. Həmin maddə hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etməni əhatə edir.
İstintaqdan yayınaraq gizləndiyi üçün onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və şəxs beynəlxalq axtarışa verilib.
Hazırda Nahid Əlicanlının Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun olaraq zəruri tədbirlər görülür.


