Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşüb – əsas məsələlər müzakirə edildi-

Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşüb – əsas məsələlər müzakirə edildi-

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtold ilə görüşüb.

Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə səfir Etienn Berxtold etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyinatı münasibətilə səfiri təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Azərbaycan-Avstriya münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi, iqtisadi, enerji, nəqliyyat, turizm, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüşdə iki ölkə arasında siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr mexanizminin, eləcə də parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Bununla yanaşı, Azərbaycan və Avstriyanın BMT, ATƏT və Avropa İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə olunub. Bu platformalarda qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin daha da gücləndirilməsinin vacibliyi bildirilib.

Ceyhun Bayramov Avstriyanı 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

İqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığın cari vəziyyəti və gələcək imkanları barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat verilib.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb. Cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanmasının məmnunluq doğurduğu qeyd edilib.

Tərəflər postmünaqişə dövründə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar barədə də fikir mübadiləsi aparıblar. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də diqqətə çatdırılıb.

Avstriyanın yeni səfiri Etienn Berxtold ölkəsinin Azərbaycanı mühüm və etibarlı tərəfdaş hesab etdiyini bildirib. O, fəaliyyəti müddətində iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.