DİN-dən vətəndaşlara ONLAYN ALIŞ-VERİŞ XƏBƏRDARLIĞI- MÜRACİƏT

DİN-dən vətəndaşlara ONLAYN ALIŞ-VERİŞ XƏBƏRDARLIĞI-

Daxili İşlər Nazirliyi (DİN) onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi ilə bağlı xəbərdarlıq edib.

Azmedia.Az xəbər verir ki, nazirlikdən bildirilib ki, aparılan maarifləndirmə tədbirlərinə və əvvəlki xəbərdarlıqlara baxmayaraq, internet üzərindən alış-veriş zamanı dələduzluq halları hələ də qeydə alınır. 

Məlumata görə, kiberdələduzlar müxtəlif məhsulları münasib və cəlbedici qiymətlərlə təklif edən saxta satış səhifələri yaradırlar. Vətəndaşlardan ödəniş aldıqdan sonra isə həmin şəxslər əlaqəni kəsir, telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar. 

DİN vətəndaşlara internetdə və sosial şəbəkələrdə qarşılaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən araşdırmağı, tanımadıqları şəxslərdən məhsul sifariş etməməyi və xüsusilə əvvəlcədən ödəniş tələb edən təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib.

Həmçinin məhsul sifariş edilməzdən əvvəl satıcı haqqında məlumatların, əlaqə vasitələrinin və satış səhifəsinin həqiqiliyinin yoxlanılmasının vacib olduğu vurğulanıb.

Nazirlik bank kartı məlumatlarının, CVV/CVC kodlarının və SMS-lə göndərilən təsdiq kodlarının üçüncü şəxslərlə paylaşılmaması barədə də xəbərdarlıq edib. 

Kiberdələduzluqla qarşılaşan vətəndaşlar DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.