Gərginlik, yoxsa razılaşma? - Pakistan vasitəçi qismində
Pakistanın xarici işlər naziri İshaq Dar və İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Azmedia.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Açıqlamada qeyd olunub ki, tərəflər regional vəziyyəti, eləcə də Pakistanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində davam edən diplomatik səylərini müzakirə ediblər.
Bildirilib ki, Abbas Əraqçi İslamabadın vasitəçilik təşəbbüslərini və İran-ABŞ danışıqlar prosesindəki konstruktiv rolunu yüksək qiymətləndirib. İshaq Dar isə öz növbəsində vurğulayıb ki, dialoq və diplomatiya regionda və onun hüdudlarından kənarda münaqişələrin sülh yolu ilə həlli və sabitliyin təmin olunması üçün yeganə mümkün vasitədir.
Xatırladaq ki, Fars Xəbər Agentliyinin daha əvvəl yaydığı məlumata görə, İran Pakistan vasitəsilə ABŞ-yə 14 maddədən ibarət yol xəritəsi təqdim edib. Bu sənəd ABŞ tərəfinin əvvəl irəli sürdüyü 9 maddəlik təklifə cavab kimi hazırlanıb. ABŞ prezidenti Donald Tramp İsrail dövlət televiziyası “Kan”a müsahibəsində bildirib ki, Tehranın yeni sülh təklifi nəzərdən keçirilir, lakin onu qəbuledilməz hesab edir. Abbas Əraqçi daha sonra qeyd edib ki, ABŞ münaqişənin həlli ilə bağlı cavabını Pakistan vasitəsilə İrana göndərib və Tehran hazırda bu sənədi öyrənir.//sfera


