İlham Əliyev Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələsini açıqladı- FOTO

İlham Əliyev Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni mərhələsini açıqladı-

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

Görüş zamanı qonaq qəbul üçün təşəkkürünü bildirib, Azərbaycanda olmaqdan və Prezident İlham Əliyevlə görüşməkdən böyük şərəf hissi duyduğunu ifadə edib.

Lord Vernon Kioaker Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə diqqət çəkib. O, Birləşmiş Krallığın bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu bildirib və sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Birləşmiş Krallığın Azərbaycan üçün çox vacib dost ölkə olduğunu bildirən qonaq iki ölkə arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev isə Lord Vernon Kioakerə sərgilərdə iştirakına görə minnətdarlığını bildirib. Dövlət başçısı “ADEX” sərgisinin artıq uzun illərdir mühüm beynəlxalq tədbirə çevrildiyini qeyd edib.

İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıq münasibətlərində müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə yeni səhifənin açıldığını vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan artıq 20 ildən çoxdur müdafiə sənayesinə sərmayə yatırır. Onun sözlərinə görə, hazırda ölkədə həm istehlak, həm də ixrac üçün müxtəlif məhsullar istehsal olunur.

Dövlət başçısı müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, eləcə də ölkədə birgə müəssisələrin yaradılması istiqamətində aparıcı şirkətlərlə perspektiv əməkdaşlıq məsələlərinə də toxunub.

İlham Əliyev bu baxımdan Birləşmiş Krallıqla tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.