İlham Əliyev: Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ortaq çağırışlara cavab baxımından əhəmiyyətlidir

İlham Əliyev: Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ortaq çağırışlara cavab baxımından əhəmiyyətlidir

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən beşinci toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı müraciətində tədbirin ilk dəfə Azərbaycanda keçirilməsini qeyd edib və TDT-yə üzv ölkələri ortaq etnik köklərin, dil, mədəniyyət və ənənələrin birləşdirdiyini bildirib.
İlham Əliyev Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi potensiala malik ölkələrin qarşılıqlı fəaliyyət platforması olduğunu qeyd edib. Onun sözlərinə görə, Türk dünyası yeni inkişaf mərhələsinə daxil olub və ölkələrdə sülh, sabitlik və inkişaf prosesləri davam edir.

Prezident Qarabağ Zəfərinin regionda yeni geosiyasi reallığın formalaşmasına təsir etdiyini bildirib. O, bu prosesin ölkələri iqtisadi, logistika və strateji baxımdan əlaqələndirən Zəngəzur dəhlizinin reallaşması üçün zəmin yaratdığını qeyd edib. İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək göstərən TDT ölkələrinə təşəkkür edib.

Müraciətdə Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər də qeyd olunub. Qəbələ Zirvə Görüşündə qəbul edilən Bəyannamə bu əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən sənəd kimi təqdim edilib.

Dövlət başçısı Orta Dəhlizin, Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişafına da toxunub. Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsini əlamətdar hadisə kimi qeyd edib.

İlham Əliyev müasir dövrdə kibertəhdidlər, yeni qeyri-sabitlik ocaqları və beynəlxalq hüquqla bağlı problemlərin meydana çıxdığını bildirib. O, bu çağırışların regional və qlobal problemlərin həlli üçün ortaq gündəliyin formalaşdırılmasını və fəaliyyətin əlaqələndirilməsini zəruri etdiyini vurğulayıb.

Prezident təhlükəsizlik şuraları arasında əməkdaşlığın terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərdə koordinasiyanın gücləndirilməsinə xidmət etdiyini qeyd edib.

Dövlət başçısı toplantıda aparılacaq müzakirələrin və irəli sürüləcək təşəbbüslərin ölkələrin təhlükəsizliyinə və Türk Dövlətləri Təşkilatı məkanında əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini bildirib və tədbirin işinə uğurlar arzulayıb.