Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək

Korrupsiya barədə məlumat verənlərə 25 minimum əməkhaqqınadək mükafat veriləcək

Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat təqdim edən şəxslər üçün yeni həvəsləndirmə mexanizminin yaradılması təklif olunur.

Azmedia.Az xəbər verir ki, bu məsələ “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə korrupsiya ilə bağlı təqdim edilən məlumat təsdiqləndiyi halda, həmin məlumatı verən şəxsə mükafat ödənilməsi nəzərdə tutulur. Ödəniş təşkilatın büdcəsindən, büdcə təşkilatları üçün isə həmin qurumların saxlanılması xərcləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcək.

Mükafatın verilməsi barədə qərar təşkilat rəhbəri tərəfindən qəbul olunacaq və təsdiqlənmiş məlumatı təqdim edən şəxsə ödəniş 10 iş günü ərzində həyata keçiriləcək.

Mükafatın yuxarı həddi minimum əməkhaqqı məbləğinin 25 misli ilə məhdudlaşdırılacaq.

Məbləğin müəyyənləşdirilməsi zamanı korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, aşkar edilmiş faktların sayı, təqdim olunan məlumatın hüquqpozmanın üzə çıxarılmasındakı əhəmiyyəti, vurulmuş zərərin və bərpa olunmuş aktivlərin həcmi nəzərə alınacaq.

Qanun layihəsində korrupsiya ilə bağlı məlumat verən şəxslər üçün əlavə ödəniş mexanizmi də nəzərdə tutulub.

Belə ki, cinayət təqibinin aparılması nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar qəbul edildiyi, yaxud cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi halda, Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə olunan vəsaitin 5 faizi məlumat verən şəxsə ödəniləcək.

Bu zaman xüsusi müsadirə edilmiş əmlaka qulluq və onun idarə olunması ilə bağlı xərclər, eləcə də bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilən digər ödənişlər nəzərə alınaraq müvafiq məbləğlər çıxılacaq.

Həmçinin cinayət qanunvericiliyində nəzərdə tutulan əsaslarla dövlət büdcəsinə ödənilən məbləğin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək.

Cinayət işi üzrə məlumatı təqdim edən şəxsə pul vəsaitinin ödənilməsi ilə bağlı qərar məhkəməyədək icraat mərhələsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq tərəfindən qəbul ediləcək. Məhkəmə icraatı zamanı isə bu qərarı işə baxan məhkəmə verəcək.

Bundan başqa, qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinə dəyişiklik edilməsi də təklif olunur. Dəyişikliyə əsasən, korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.