Malayziyanın yeni səfiri İlham Əliyevə dəvət çatdırdı – Prezidentdən qarşılıq

Malayziyanın yeni səfiri İlham Əliyevə dəvət çatdırdı – Prezidentdən qarşılıq

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. 

Azmedia.Az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbətində Azərbaycanla Malayziya arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirib. Dövlət başçısı iqtisadi əməkdaşlığın siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının, həmçinin enerji, sərmayələr, turizm və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev çox fəal siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətinə də toxunaraq, bu baxımdan müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, həmçinin onların dövlət başçısını Malayziyaya səfərə dəvət etdiklərini İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını ifadə edərək, öz salamlarının da Malayziya Kralına və Baş nazirinə çatdırılmasını xahiş edib. Dövlət başçısı dəvətə görə təşəkkürünü bildirərək, onu məmnunluqla qəbul etdiyini vurğulayıb. İlham Əliyev, öz növbəsində, Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Səfir iki ölkə arasındakı münasibətlərin uzun illər ərzində çox yaxşı səviyyədə olduğunu qeyd edib. O, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Görüşdə Azərbaycan-Malayziya əlaqələrinin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Bu çərçivədə turizmin təşviqi məqsədilə qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, həmçinin Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Görüş zamanı təhsil sahəsində əməkdaşlığa da toxunulub. Qeyd edilib ki, azərbaycanlı tələbələr Malayziyada, Malayziyadan olan tələbələr isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil alırlar.