Mədəniyyət Nazirliyi yazar və naşirlərlə görüş keçirdi – əsas məsələlər müzakirə olundu FOTO

Mədəniyyət Nazirliyi yazar və naşirlərlə görüş keçirdi – əsas məsələlər müzakirə olundu

Görüşdə kitab nəşri, qarşıdakı Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlarla bağlı mühüm məsələlər müzakirə olunub.


Azmedia.Az xəbər verir ki
, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 19-da Azərbaycan Milli Kitabxanasında yazar və naşirlərlə görüş keçirilib.

Görüş zamanı nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, qarşıdakı XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində həyata keçirilən islahatlarla bağlı məsələlər müzakirə olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya tərəfindən nəşrlərin satın alınması prosesi şəffaf şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, kitabxana fondlarında çatışmayan uşaq ədəbiyyatının, eləcə də akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına xüsusi diqqət yetirilir.

Görüşdə həmçinin XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı hazırlıq işləri barədə məlumat verilib. Bildirilib ki, sərgi oktyabrın 21-dən 27-dək keçiriləcək və builki tədbir uşaqlara həsr olunacaq.

Sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil ediləcək. Tədbirdə iştirak etmək istəyənlər üçün qeydiyyat sentyabr ayınadək davam edəcək.

Kitabxana sahəsində aparılan islahatlara toxunan Fərid Cəfərov qeyd edib ki, əsas məqsəd kitabxanalarda xidmət səviyyəsini müasir tələblərə uyğunlaşdırmaq və oxucuların kitablara əlçatanlığını artırmaqdır.

Görüşdə iştirak edən yazar və naşirlər də kitabxana sahəsində aparılan təkmilləşdirmə işlərinin əhəmiyyətini vurğulayıb və həyata keçirilən prosesə dəstəklərini ifadə ediblər.