Mingəçevirdə Sahil parkında təhlükəli çökmə baş verib - FOTOLAR
Mingəçevirdə Sahil parkında çökmə baş verib
Azmedia.Az-ın məlumatına görə, Mingəçevir şəhərində insanların ən çox istirahət etdiyi məkanlardan biri olan Sahil parkında çökmə qeydə alınıb.
Hadisə parkın Kür çayına bitişik gəzinti zolağında baş verib. İlkin məlumata əsasən, çökmə bir neçə metr ərazini əhatə edib. Çayın suyu gəzinti zolağının alt hissəsindən keçdiyi üçün çökmənin baş verdiyi sahənin yaxınlığında da torpaq qatında boşalmalar müşahidə olunur.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Gün ərzində minlərlə şəhər sakini və qonağın, o cümlədən uşaqların və yaşlı insanların istifadə etdiyi ərazidə yaranan vəziyyət narahatlıq doğurub.
Məsələ ilə bağlı fikirlərini bölüşən bəzi sakinlər hesab edirlər ki, gəzinti zolağının alt hissəsi tikinti zamanı kifayət qədər möhkəmləndirilməyib. Onların sözlərinə görə, belə ərazilərdə əvvəlcə dəmir-beton konstruksiyalarla etibarlı əsas yaradılmalı, yalnız bundan sonra üzlük və döşəmə işləri aparılmalıdır. Əks halda, zaman-zaman oxşar çökmələrin baş verməsi və piyadalar üçün təhlükə yaranması mümkündür.
Hadisədən dərhal sonra Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları əraziyə cəlb olunub. Texniki baxışdan sonra çökmüş hissədə operativ bərpa işləri aparılıb.
İdarədən bildirilib ki, yaranmış təhlükə aradan qaldırılıb və ərazi bərpa olunub. Qeyd edilib ki, Mingəçevir Su Anbarından Kür çayına buraxılan suyun həcmi dəyişdikcə gəzinti zolağının alt hissəsində suyun təsiri də artır. Bu proses zamanla təməl hissənin dayanıqlığına təsir göstərərək deqradasiyaya səbəb ola bilir.
Bildirilib ki, ərazidə vəziyyət bundan sonra da nəzarətdə saxlanılacaq.
Ehtiram Muradov
Azmedia.Az


