Putin Kuril adasına getdi, Yaponiya sərt etiraz etdi: “Qətiyyən qəbuledilməzdir” “Kuril adaları uğrunda uzunmüddətli mübahisə

Putin Kuril adasına getdi, Yaponiya sərt etiraz etdi: “Qətiyyən qəbuledilməzdir”

Rusiya Prezidenti Vladimir Putinin mübahisəli Kuril adalarından birinə səfəri Yaponiya ilə Rusiya arasında onsuz da gərgin olan münasibətlərdə yeni narazılığa səbəb olub.

Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaichi Putinin cümə axşamı İturup adasına səfərini “qətiyyən qəbuledilməz” adlandırıb.

Rusiya dövlət mediasının məlumatına görə, Putin Rusiyanın nəzarətində olan İturup adasını ziyarət edib. Yaponiya bu adanı Etorofu adlandırır və Kuril adalarındakı dörd ərazi ilə birlikdə ona ərazi iddiası irəli sürür.

Takaichi jurnalistlərə açıqlamasında bildirib ki, Putinin səfəri Yaponiyada Rusiyaya qarşı münasibəti daha da pisləşdirib. Baş nazir adaların “tarixən və beynəlxalq hüquqa əsasən Yaponiyanın ərazisi” olduğunu vurğulayıb.

“Bu səfər yapon xalqının hisslərini yaralayır və Yaponiyanın Şimal Əraziləri ilə bağlı ardıcıl mövqeyi ilə ziddiyyət təşkil edir. Ümid edirəm ki, Rusiya tərəfi bu məsələnin ciddiliyini lazımi şəkildə dərk edəcək”, – Takaichi deyib.

Rusiya mediasının yaydığı məlumatlara əsasən, Putin səfəri zamanı ada sakinləri ilə görüşüb, balıq kürüsünün dadına baxıb və yerli əhali ilə söhbət edib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi də Putinin səfərinə etiraz edib. O, adaların “həm tarixən, həm də beynəlxalq hüquqa əsasən Yaponiyanın ayrılmaz ərazisi” olduğunu bildirərək Rusiya hökumətinə rəsmi etiraz göndərildiyini açıqlayıb.

Kuril adaları uğrunda uzunmüddətli mübahisə

Rusiya və Yaponiya arasında Kuril adaları ilə bağlı ərazi mübahisəsi onilliklərdir davam edir. Məhz bu mübahisə səbəbindən iki ölkə İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi imzalaya bilməyib.

Kuril adaları Yaponiyanın şimalındakı Hokkaydo adası ilə Rusiyanın Kamçatka yarımadası arasında yerləşir. Arxipelaqın cənubunda yerləşən dörd ada – İturup, Kunaşir, Şikotan və Habomai – Yaponiya tərəfindən “Şimal Əraziləri” adlandırılır.

Hazırda həmin ərazilər Rusiyanın nəzarətindədir. İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqı Kuril adalarını ilhaq edib və təxminən 17 min yapon sakini adalardan deportasiya olunub.

Mübahisənin həlli istiqamətində illər ərzində aparılan danışıqlar ciddi nəticə verməyib. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Yaponiyanın Moskvaya qarşı sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib.

Rusiya adalarda hərbi mövcudluğunu gücləndirir

Kuril adaları Rusiya üçün strateji əhəmiyyət daşıyır. Moskva son onillik ərzində bölgədə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirib.

İturup adasında Rusiyanın bölgədəki əsas hərbi hava bazalarından biri yerləşir. Rusiya həmçinin adaların yaxınlığında mütəmadi olaraq hərbi təlimlər keçirir. Yaponiya bu təlimlərə dəfələrlə etiraz edib.

Ötən ay Çin və Rusiyanın hərbi-dəniz qüvvələrinə məxsus gəmilər birgə patrul xidməti çərçivəsində Kuril adalarındakı boğazlardan birindən keçib.

Rusiya rəsmilərinin Kuril adalarına əvvəlki səfərləri də Yaponiya tərəfindən etirazla qarşılanıb. Bunlar arasında Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev və baş nazir Mixail Mişustinin səfərləri də olub.