Sabah Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik olmayacaq – Saatlar AÇIQLANDI
Bakı və Sumqayıtın bir sıra ərazilərində aparılacaq təmir işləri ilə əlaqədar avqustun 21-də elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Azmedia.Az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə paytaxtın Yasamal və Nərimanov rayonlarında yerləşən bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nin xidmət ərazisində isə Vladimir Mayakovski və İsmayıl Hidayətzadə küçələrinin bəzi hissələrində, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bundan başqa, Sumqayıt Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək.
Bu səbəbdən saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.
“Azərişıq”ın məlumatına görə, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması gözlənilir.


