Firuzə Cəlilovanın adı qalmaqalda: Axtarışda olan şəxs onun bağ evində necə gizlədilib?

Firuzə Cəlilovanın adı qalmaqalda: Axtarışda olan şəxs onun bağ evində necə gizlədilib?

Aparıcı Firuzə Cəlilovanın bağ evində axtarışda olan şəxsin gizlədilməsi ilə bağlı yeni məlumatlar yayılıb. Əlihüseyn Hüseynovun 10 gündən artıq müddətdə bağ evində saxlanıldığı, daha sonra polis əməliyyatı nəticəsində aşkar edildiyi bildirilir.

Azmedia.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunub.

Məlumata görə, əvvəllər məhkum olunmuş və axtarışda olan Əlihüseyn Hüseynov aparıcının anasının tanışlarından birinin xahişi ilə bağ evinə yerləşdirilib. Onun 10 gündən artıq müddətdə orada gizlədildiyi bildirilir.

Polis əməkdaşları əməliyyat məlumatı əsasında bağ evində axtarış aparıblar. Əlihüseyn Hüseynov həyətin ərazisində yerləşən tikilidə gizlənərkən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatda qeyd olunur ki, aparıcı evində kənar şəxsin olmadığını bildirib. Lakin sonradan polisin apardığı araşdırma zamanı axtarılan şəxsin həyətin ərazisindəki tikilidə gizləndiyi müəyyən edilib.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi gündəmə gəlib.

Həmin maddəyə əsasən, ağır cinayətin qabaqcadan vəd etmədən gizlədilməsinə görə 3 ilədək, xüsusilə ağır cinayətin gizlədilməsinə görə isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.