Sədərək Ticarət Mərkəzində hicabla bağlı iddialara cavab verildi- FOTO

Sədərək Ticarət Mərkəzində hicabla bağlı iddialara cavab verildi-

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində çalışan hicablı qadınların işdən çıxarılacağı ilə bağlı iddialar yayılıb.

Azmedia.Az xəbər verir ki, BAKU.WS-in Oxu.az-a istinadən yaydığı məlumata görə, sosial şəbəkələrdə bir qrup şəxs tərəfindən paylaşımlar edilib. Həmin paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı qadınlara işə gəlməmələrinin bildirildiyi qeyd olunub.

Məsələ ilə bağlı “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim açıqlama verərək yayılan iddiaların əsassız olduğunu bildirib.


O qeyd edib ki, Azərbaycanda hicabla bağlı hər hansı qadağa yoxdur. Mətbuat katibi dünyəvilik prinsipinə əsaslanan vahid məktəbli geyiminin tətbiqini ölkədə hicabın qadağan edilməsi ilə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb.

Kəmaləddin Qədimin sözlərinə görə, burada söhbət hicabın ləğvindən getmir və “Sədərək” Ticarət Mərkəzində hicablı qadınlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib.

Mətbuat katibi yayılan məlumatları yalan adlandıraraq bildirib ki, ticarət mərkəzi sahibkarlardan ibarətdir və rəhbərliyin sahibkarları işə götürmək, yaxud işdən çıxarmaq barədə əmr verməsi mümkün deyil. O, sahibkarların burada öz bizneslərini qurduqlarını diqqətə çatdırıb.

Kəmaləddin Qədim, həmçinin “Sədərək” Ticarət Mərkəzində hicablı şəxslərin əraziyə buraxılmaması ilə bağlı heç kim tərəfindən göstəriş verilə bilməyəcəyini deyib və bunu yerində müşahidə etməyin mümkün olduğunu bildirib. Gəlib baxın, görün burada nə qədər hicablı xanım var".

///Oxu.Az