Tanınmış aparıcı “Lukoil”də yaşadıqlarını açıqladı: “Mən aldandım, siz ehtiyatlı olun”- VİDEO
Aparıcı Şəbnəm Naibli “Lukoil” yanacaqdoldurma məntəqələrindən birində avtomobilinə normadan artıq yanacaq vurulduğunu iddia edib və məsələ ilə bağlı qaynar xəttə müraciət etdiyini bildirib.
Azmedia.Az xəbər verir ki, Şəbnəm Naibli bu barədə sosial media hesabında paylaşım edib.
Aparıcının sözlərinə görə, rayona yola düşəcəyi üçün avtomobilinin çənini səfərdən bir gün əvvəl tam doldurub. Evdən çıxaraq Sədərək Ticarət Mərkəzinə gedən zaman yanacağın bir qədər azaldığını görən Naibli Sədərəyin girişində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olub.
O, məntəqə əməkdaşlarına avtomobilin çənində yanacağın olduğunu, sadəcə çənin tam doldurulmasını istədiyini bildirib.
Şəbnəm Naibli iddia edib ki, avtomobilinə 48 manatlıq yanacaq vurulub. Aparıcı qeyd edib ki, onun avtomobilinin yanacaq çəni tamamilə boş olduqda belə, maksimum 70 manatlıq yanacaq tutur.
“Mənim maşınımın deposu tam boş olanda tutumu cəmi 70 manat edir. Yəni 48 manatlıq, 30 litrlik bu benzini hara vurublar, bilmirəm”, - deyə aparıcı bildirib.
Naibli qeyd edib ki, baş verənlərlə bağlı yanacaqdoldurma məntəqəsində narazılığını bildirib və daha sonra “Lukoil”in qaynar xəttinə müraciət edib. O, avtomobilinə bu qədər yanacağın necə vurulmasının mümkün olduğunun araşdırılmasını tələb etdiyini deyib.
Aparıcı məsələ ilə bağlı müraciətindən bir neçə gün keçməsinə baxmayaraq, hələ də ona geri dönüş edilmədiyini bildirib.
“Bu qədər insanların cibinə girmək olmaz. Qaynar xəttə müraciət etməyimdən günlər keçib, hələ də geri dönüş yoxdur. Araşdırmaq kimi bir niyyətləri olmadığı üçün buradan səslənirəm – Mən aldandım, siz ehtiyatlı olun”, - deyə Şəbnəm Naibli vurğulayıb.
///bakupost.az


