ABŞ İranla yeni müharibəyə hazırlaşır? – Pentaqonun planları üzə çıxdı

ABŞ İranla yeni müharibəyə hazırlaşır? – Pentaqonun planları üzə çıxdı

ABŞ Müdafiə Nazirliyində İranla bağlı genişmiqyaslı hərbi əməliyyatların yenidən gündəmə gəlməsi ehtimalına qarşı hazırlıq aparılır.

Azmedia.Az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

ABŞ hərbi rəhbərliyinin mümkün əməliyyat ssenariləri üzərində çalışdığı bildirilir. Bu hazırlıqlar ABŞ Prezidenti Donald Trampın münaqişənin yenidən aktiv mərhələyə keçməsi ilə bağlı verdiyi bir-birindən fərqli açıqlamalar fonunda həyata keçirilir.

Nəşrin məlumatına görə, yaxın vaxtlarda Yaxın Şərqə üç aviadaşıyıcı gəminin göndərilməsi planlaşdırılır. Bununla yanaşı, Pentaqon İranın raket və pilotsuz uçuş aparatlarının yerləşdirildiyi anbarların, digər hərbi obyektlərin, eləcə də enerji infrastrukturunun hədəfə alınması imkanlarını nəzərdən keçirir.

Məlumata əsasən, son aylarda Pentaqon və Donald Trampın milli təhlükəsizlik komandası prezidentə İran və ya Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı beş ayrı təklif təqdim edib. Bildirilir ki, Tramp həmin təkliflərin hamısını rədd edib.

ABŞ administrasiyasında isə məsələyə münasibət fərqlidir. Prezidentin yaxın çevrəsindəki bəzi rəsmilər hərbi əməliyyatların Tehranın mövqeyində dəyişiklik yaratmayacağını düşünürlər. Digər rəsmilər isə hesab edirlər ki, İrana qarşı tətbiq edilən iqtisadi təzyiqlər artıq nəticə verir və əlavə vaxtın tanınması Tehranı ciddi güzəştlərə getməyə vadar edə bilər.

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana zərbələr endirmək niyyətində olmadığını açıqlayıb.