Tanınmış jurnalistin evində dəhşətli hadisə: Əri əlində silahla yaxalandı- FOTO
Pakistanın tanınmış teleaparıcısının evində güllələnərək öldürülməsi ölkədə geniş ictimai rezonans doğurub. Hadisə ilə əlaqədar onun həyat yoldaşı saxlanılıb.
Azmedia.Az xəbər verir ki, Pakistanın “92 News” telekanalında çalışan 41 yaşlı Rabia Ahsan Ravalpindi şəhərindəki evinin yataq otağında güllələnmiş vəziyyətdə aşkarlanıb. Hadisə noyabrın 8-də baş verib.
Məlumata görə, hadisə zamanı jurnalist həyat yoldaşı Əhsən Tahir, anası və bacısı ilə birlikdə evdə olub. Saat 15:00 radələrində ailə üzvləri yataq otağından silah səsi eşidiblər.
Jurnalistin bacısı otağa daxil olduqda Rabianı yerdə qan içində, həyat yoldaşını isə əlində silahla görüb.
Əhsən Tahir hadisənin təsadüfən baş verdiyini iddia edib. O, ailə üzvlərinin özləri və uşaqları üçün qış geyimlərini şkafdan çıxardıqları zaman tapançanın yerə düşdüyünü və qəfil atəş açıldığını bildirib. Şübhəli şəxs həyat yoldaşına qəsdən xəsarət yetirmədiyini söyləyib.
Bununla yanaşı, mərhumun qardaşı Xürrəm Əhməd Tahiri bacısının qətlində ittiham edərək polisə müraciət edib. Bundan sonra faktla bağlı cinayət işi başlanılıb.
İstintaq çərçivəsində daha bir məqam üzə çıxıb. Belə ki, şübhəli şəxs odlu silaha sahib olmaq üçün qüvvədə olan lisenziyanı təqdim edə bilməyib. Polis onun ifadələrinin doğruluğunu yoxlamaq məqsədilə poliqrafiya testindən keçirilməsini də nəzərdən keçirir.
Hadisə yerindən götürülən silah və gilizlər məhkəmə-tibbi və ballistik ekspertizaya göndərilib. Hüquq-mühafizə orqanları hələlik hadisənin təsadüfən, yoxsa qəsdən baş verdiyini müəyyənləşdirməyib.
İki azyaşlı qız övladı qalıb
Rabia Ahsan Pakistan tamaşaçıları arasında tanınan teleaparıcılardan biri olub. O, Əhsən Tahirlə təxminən 16 il ailəli olub. Onların 13 və 11 yaşlarında iki qız övladı var.
Jurnalistin ölümü Pakistanda geniş ictimai müzakirələrə səbəb olub. Pakistanın birinci xanımı Asifa Bhutto-Zərdari mərhumun ailəsinə başsağlığı verərək hadisənin hərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırılmasına çağırıb.
O, qadınların həyatlarından qorxmadan yaşamaq və işləmək hüququna malik olduqlarını vurğulayıb.
Hazırda hadisə ilə bağlı istintaq davam edir. Yekun nəticənin məhkəmə-tibbi və ballistik ekspertizaların nəticələrindən sonra açıqlanacağı gözlənilir.




