Azərbaycan–Qırğızıstan əlaqələrində yeni mərhələ: ŞƏT platformasında əməkdaşlıq imkanları genişlənir- FOTO
Azərbaycan Prezidentinin Qırğızıstana ardıcıl səfərləri Bakı–Bişkek münasibətlərinin sürətlə inkişaf etdiyini, eyni zamanda Azərbaycanın Mərkəzi Asiyada siyasi, iqtisadi və nəqliyyat çəkisinin artdığını göstərir.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək məqsədilə Bişkekə səfəri iyulun 30–31-də Qırğızıstana dövlət səfərindən sonra baş tutub. Qısa müddət ərzində iki ölkə arasında yüksək səviyyəli təmasların intensivləşməsi münasibətlərin yeni məzmun qazandığını göstərir.
İyul səfərinin əsas nəticələrindən biri Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi olub. Çolpon-Atada imzalanan Müttəfiqlik Münasibətləri haqqında müqavilə və Dövlətlərarası Şuranın üçüncü iclasının qərarları ikitərəfli əlaqələrin yeni mərhələsinin hüquqi-siyasi əsaslarını gücləndirib.Eyni səfər çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının görüşünün keçirilməsi isə Bakı–Bişkek əməkdaşlığının daha geniş regional proseslər fonunda inkişaf etdiyini ortaya qoyub.
İkitərəfli münasibətlərin praktiki istiqamətləri də genişlənir. Azərbaycanın investisiyası ilə İssık-Kulda “Baku Resort & Spa” kompleksinin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, təhsil və mədəniyyət layihələri, eləcə də Bakı–Bişkek hava əlaqələri əməkdaşlığın iqtisadi və humanitar əsaslarını möhkəmləndirən nümunələr sırasındadır.
Qırğızıstanın işğaldan azad edilmiş Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına məktəb inşa etməsi də iki ölkə arasındakı münasibətlərin humanitar və mənəvi aspektlərini nümayiş etdirir.
Prezident İlham Əliyevin Bişkekə builki ikinci səfəri isə daha geniş regional gündəmlə diqqət çəkir. Dövlət başçısının ŞƏT tədbirlərində iştirakı ilə yanaşı, təşkilatın əsas iştirakçıları ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın müxtəlif istiqamətlərdə diplomatik əlaqələrini paralel şəkildə inkişaf etdirdiyini göstərir.
Bişkekdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən təmaslar Azərbaycanın regional məsələlərdə fəal diplomatik mövqe nümayiş etdirdiyini göstərən əsas məqamlar sırasında yer alır.
ŞƏT platformasının yaratdığı imkanlar
Şanxay Əməkdaşlıq Təşkilatı Avrasiyanın təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və regional əməkdaşlıq gündəliyində mühüm platformalardan biridir. Azərbaycanın bu platforma ilə əməkdaşlığının genişləndirilməsi ölkənin iqtisadi və geosiyasi maraqları baxımından əlavə imkanlar yaradır.
Azərbaycanın əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyidir. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkə Avrasiyanın müxtəlif iqtisadi məkanları arasında bağlantının təmin edilməsində mühüm rol oynayır.
Bu baxımdan ŞƏT məkanında nəqliyyat və logistika, tranzit, enerji, rəqəmsal bağlantılar və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional iqtisadi imkanlarına uyğun gəlir.
Bununla yanaşı, təhlükəsizlik, terrorçuluq və ekstremizmlə mübarizə, transmilli cinayətkarlığın qarşısının alınması, kibertəhlükəsizlik, gömrük və hüquqi əməkdaşlıq, turizm, təhsil, elm və mədəniyyət də Azərbaycan üçün əhəmiyyətli istiqamətlər hesab olunur.
Azərbaycanın ŞƏT platformasında iştirakı son illərdə ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyev 2022-ci ildə Özbəkistanda keçirilən sammitdə fəxri qonaq qismində iştirak edib. Dövlət başçısı 2024-cü ildə Qazaxıstanda, 2025-ci ildə isə Çinin Tiencin şəhərində keçirilən tədbirlərdə çıxış edib.
Beləliklə, Bişkekdəki görüşlər Azərbaycanın Mərkəzi Asiya və daha geniş Avrasiya məkanında fəallaşan xarici siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilə bilər.
İyul ayında Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi, avqustda isə Prezident İlham Əliyevin yenidən Bişkekə səfər etməsi iki ölkə arasındakı əlaqələrin strateji məzmununun gücləndiyini göstərir.
Bu proses eyni zamanda Azərbaycanın Avropa, Türk dünyası, İslam dünyası və Asiya ölkələri ilə paralel şəkildə əməkdaşlığı genişləndirməyə yönəlmiş çoxşaxəli xarici siyasətinin tərkib hissəsidir.


