Şimali Kiprdə 267 sərnişini olan gəmi batıb - Ölənlər var
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində “Filojet” sərnişin gəmisi batıb.
Azmedia.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Taşucu istiqamətində hərəkət edən gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla, ümumilikdə 267 nəfər olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 241 nəfər xilas edilib. Hazırda 18 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatlarına Türkiyə Hərbi Dəniz Qüvvələri, ŞKTR Sahil Mühafizəsi və Kipr Türk Sahil Təhlükəsizliyi qüvvələri cəlb olunub. Axtarışlarda Türkiyədən göndərilən iki PUA və CASA tipli təyyarədən də istifadə edilir.
Məlumata görə, xilas edilənlər arasında iki Azərbaycan vətəndaşı da var.
Nazir Abdulkadir Uraloğlu hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.


