İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə Azərbaycan-İran münasibətlərini müzakirə ediblər- FOTO

İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə Azərbaycan-İran münasibətlərini müzakirə ediblər-

Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında Bişkekdə görüş keçirilib.

Azmedia.Az xəbər verir ki, avqustun 31-də Qırğızıstanın paytaxtında baş tutan görüşdə Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan dövlət başçısı ilə əvvəlki görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladıb. O, İranın üzləşdiyi çətin vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin nümayiş etdirdiyi mövqeyi, dəstəyi və başsağlığı mesajlarını yüksək qiymətləndirdiklərini bildirib.

Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardıma görə İran dövləti və xalqı adından minnətdarlığını ifadə edib.

İran Prezidenti iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb. O, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib və əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını bildirib.

Prezident İlham Əliyev isə Azərbaycanın İranın üzləşdiyi vəziyyətdə göstərdiyi dəstəyin qardaşlıq münasibətlərinin nümunəsi olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Görüşdə, həmçinin Azərbaycan və İran arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri müzakirə olunub.