Bahalı adı ilə ucuz və keyfiyyətsiz qəbirüstü daşlar satılır - FOTO

Bahalı adı ilə ucuz və keyfiyyətsiz qəbirüstü daşlar satılır -

"Bəzi hallarda sifarişçilərin naşılığından istifadə edərək alıcılara bahalı və keyfiyyətli adı ilə ucuz və keyfiyyətsiz qəbirüstü abidə daşları sıranır".

Bu fikirləri Azmedia.Az-ın bölgə müxbirinə açıqlamasında qəbirüstü daşların hazırlanması üzrə mütəxəssis, Mingəçevir Abidə sexinin təmsilçisi, Vətən müharibəsi qazisi Samir Tacızadə söyləyib. Onun sözlərinə görə daşları keyfiyyət üstünlüyü ilə müəyyən etmək sadə vətəndaş üçün elədə adi məsələ deyil. "Daş materialının, sıxlığı, rənginin təbiiliyi, ləkə götürməyə meyilli olmaması və digər detallar seçim zamanı diqqət yetirilməli məqamlardandır. Təəssüf ki, doğmasını itirməsi səbəbindən üzgün durumda olan, qəbirüstü abidəni ən yaxşı materialdan hazırlatmağa istəkli görünən sifarişçi şəxs bir az da keyfiyyət incəlikləri barədə məlumatsız olması səbəbindən bir çox hallarda aldadılır. Fikrimcə qazanılan pul halal olmalıdır. Səbəbsiz yerə xərc çəkib abidə sifariş edən insanları aldatmaq insanlığa sığmayan davranış formasıdır".

Qazi mütəxəssis abidə daşlarının əsasən Çin, Hindistan, İran və Ukraynadan gətirildiyini deyir. Onun sözlərinə görə, dünyada baş verən proseslər abidə daşlarının alış və daşınma xərclərinə də təsirsiz ötüşmür. Bir neçə il bundan öncə Ukraynadan təxminən 2 min ABŞ dollarına tırla daşınan xam material bu gün 6 min ABŞ dollarına başa gəlir. Eləcə də son zamanlar İranda baş verənlər də oradan idxal olunan daş materiallarının qiymətlərinə ciddi mənada artımla təsir edir. Daşınma sərfiyyatlarının artımı abidənin hazır vəziyyətdə satış qiymətinin də artımına yol açır.

Samir Tacızadənin verdiyi məlumata görə, xaricdən gətirilən daşlar arasında Çin məhsullarına sifarişçilər arasında təlabat daha böyükdür. Onların keyfiyyətinin də yüksək olduğunu bildirib. Abidələrin hansı daşlardan və ölçülərdə hazırlamasına uyğun olaraq satış qiymətləri müəyyən olunur. Məsələn, Çin daşlarından hazırlanan normal qəbrüstü abidələrin qiyməti  2000-4000, Ukrayna xammalından ərsəyə gətirilən abidələr isə 1500-2500 manat civarında dolaşan qiymətlərlə sifarişçilərə təklif olunur. S.Tacızadə sadə daşların da təlabatda müəyyən mənada yer aldığını deyir. Adi daşlardan hazırlanan abidələr 600 manat hüdudlarında satılır ki, bu da sadə vətəndaşların ürəyincə olur. Eyni zamanda milli resurslarımız olan ağ mərmər, qaya daşları var ki, Daşkəsəndə çıxarılır və istehsal prosesində davamlı yüksək təlabatla istifadə olunur.

Mütəxəssis keyfiyyətli milli mərmərlərdən hazırlanan qəbirüstü abidələrin hər kəsin cibinə və istəklərinə uyğun olduğunu bildirir. Onun sözlərinə görə, qəbirüstü abidələrin hazırlanması fərdi sifarişlər əsasında hazırlandığı üçün satış qiymətləri də istəklərin gerçəkləşməsi zəmnində formalaşır. Elə adamlar ola bilər ki, onların arzusuna uyğun abidə hazırlığı 5-10 min manat dəyərinə və ondan da artıq ola bilər. Amma müşahidələr göstərir ki, dəbdəbəli qəbirüstü abidələrə maraq azalıb. Bu gün yalnız sadə və orta meyarlı abidələr sifarişlərdə üstünlük təşkil edir. Abidə istehsalı və satışı sahəsində son aylar ərzində baş verən dəyişikliklərə gəlincə isə Samir Tacızadə ümumən orta hesabla 300 manat civarında bir artım müşahidə olunduğunu söyləyir. 

Ehtiram Muradov

Azmedia.Az