Binəqədidə “Milyonerlər məhəlləsi”ndə yanğın söndürüldü – İki xilasedici xəsarət aldı VİDEO

Binəqədidə “Milyonerlər məhəlləsi”ndə yanğın söndürüldü – İki xilasedici xəsarət aldı

Bakının Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə köhnə tikilidə baş verən yanğın söndürülüb.

Azmedia.Az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin texnika və şəxsi heyəti cəlb olunub.

Məlumata əsasən, ümumi sahəsi 1000 kvadratmetr olan tikilinin 400 kvadratmetri yanıb. Yanğının tikilinin digər hissələrinə və yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Hazırda bəzi nöqtələrdə tüstülənmələr müşahidə olunsa da, yanğın tam söndürülüb.

Hadisə zamanı FHN-in iki əməkdaşı yüngül xəsarət alıb. Vətəndaşlar arasında xəsarət alan olmayıb.

Yanğın nəticəsində tikiliyə dəymiş ziyanın miqdarı və hadisənin başvermə səbəbi aparılacaq araşdırmadan sonra məlum olacaq.