Bu ərazilərdə işıq olmayacaq – saatlar açıqlandı
Sentyabrın 11-də Bakı və Abşeronun bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Azmedia.Az xəbər verir ki, “Azərişıq” ASC tərəfindən verilən məlumata görə, elektrik şəbəkəsində həyata keçiriləcək təmir işləri enerji təchizatının keyfiyyətinin artırılması, eləcə də artan yük tələbatının qarşılanması məqsədi daşıyır.
Məlumata əsasən, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov və Vasif Əliyev küçələrinin müəyyən hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Abşeron rayonunda isə elektrik enerjisinin verilişi 09:30-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində müvəqqəti dayandırılacaq.
Bununla yanaşı, saat 10:00-dan 17:00-dək Xırdalan şəhərinin Həsən Əliyev küçəsində, Masazır qəsəbəsinin Rafiq Dünyamalıyev küçəsində, Ceyranbatan gölünün yuxarı ərazisində, həmçinin Yeni Saray yolunun sağ və sol hissələrində planlaşdırılan işlərlə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd olunub ki, təmir işlərinin yekunlaşdırılmasından sonra sözügedən ərazilərdə yaşayan abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsi nəzərdə tutulur.


