Ekspert yol nişanları ilə bağlı mühüm məqamlara diqqət çəkdi: “STOP” nişanı niyə vacibdir?- AÇIQLAMA

Ekspert yol nişanları ilə bağlı mühüm məqamlara diqqət çəkdi: “STOP” nişanı niyə vacibdir?-

Yol hərəkətinin təhlükəsiz, fasiləsiz və nizamlı şəkildə təşkil olunması üçün yol nişanları, svetoforlar, yol nişanlanması və digər texniki vasitələrin müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tələblərin pozulması sürücülər üçün hərəkət şəraitinin düzgün qiymətləndirilməsini çətinləşdirə və qəza risklərini artıra bilər.

Azmedia.Az  -a açıqlamasında tanınmış nəqliyyat və yol üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yol hərəkətinin təşkilinin yalnız ayrı-ayrı nişanların quraşdırılmasından ibarət deyil.

Ekspertin sözlərinə görə, yol hərəkətinin təşkili zamanı üç əsas meyar nəzərə alınmalıdır: ərazinin infrastrukturu, həmin ərazidə hərəkətin məntiqi və mövcud hərəkət şəraiti.

“Yol hərəkətinin təhlükəsiz və rahat təşkil olunmadığı ərazidə normal hərəkətdən danışmaq çətindir. Yol hərəkətinin təşkili dedikdə svetoforlar, yol nişanları, yol cizgiləri, qoruyucu və istiqamətləndirici sədlər, adacıqlar və digər texniki vasitələrin bütöv sistemi nəzərdə tutulur. Bunların hər biri müəyyən edilmiş standartlara, ərazinin infrastrukturuna və real hərəkət şəraitinə uyğun olmalıdır”, – deyə ekspert qeyd edib.

O bildirib ki, yol nişanlarının hansı ərazidə, hansı məsafədə və hansı formada yerləşdirilməsi müvafiq normativ sənədlərlə tənzimlənir.

Ərşad Hüseynov Azərbaycanın yol nişanları və siqnalları ilə bağlı beynəlxalq öhdəliklərinə də diqqət çəkib. Onun sözlərinə görə, ölkədə bu sahəni tənzimləyən beynəlxalq və milli hüquqi-normativ baza mövcuddur.

“Azərbaycan yol nişanları və siqnalları haqqında müvafiq beynəlxalq konvensiyaya qoşulub. Bununla yanaşı, yol hərəkəti haqqında qanunvericilik, normativ sənədlər və standartlar mövcuddur. Bu sənədlər yol nişanlarının həm formasını, həm yerləşdirilməsini, həm də onların bir-biri ilə əlaqələndirilməsini müəyyən edir. Bu tələblərə ciddi riayət olunması yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir”, – ekspert vurğulayıb.

“STOP” nişanı hansı halda tətbiq olunur?

Yol hərəkəti və nəqliyyat üzrə ekspert xüsusilə 2.5 “Dayanmadan keçmək qadağandır” nişanının tətbiqi və yerləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, bu nişan üstünlük nişanları qrupuna daxildir və əsas funksiyası yolayrıcında hərəkət növbəliliyinin müəyyən edilməsinə xidmət etməkdir.

“2.5 nişanının mahiyyəti ondan ibarətdir ki, sürücü yolayrıcına daxil olmamışdan əvvəl dayanmalı və digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin olub-olmadığını qiymətləndirməlidir. Xüsusilə görünmə məsafəsinin məhdud olduğu yolayrıclarında bu tələb mühüm əhəmiyyət daşıyır”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, belə hallarda “STOP” nişanı ilə yanaşı, stop-xəttinin də düzgün təşkil edilməsi vacibdir.

“Əgər sürücünün əsas yolu lazımi məsafədən görmək imkanı yoxdursa, o, nişanın və dayanma xəttinin tələbinə uyğun dayanmalı, daha sonra təhlükəsiz şəkildə yolu müşahidə edərək hərəkətini davam etdirməlidir”, – ekspert əlavə edib.

Onun sözlərinə görə, “STOP” nişanının tətbiq edildiyi yolayrıcında digər istiqamətlərdə hərəkətin üstünlüyünü göstərən nişanlarla da uyğunluq təmin edilməlidir.

“Bir istiqamətdə 2.5 nişanı varsa, digər istiqamətlər üzrə üstün yolun müəyyənləşdirilməsi də aydın şəkildə göstərilməlidir. Burada 2.1 ‘Baş yol’ nişanının yerləşdirilməsi və onun digər nişanlarla düzgün əlaqələndirilməsi mühüm məsələdir. Sürücü yolayrıcına yaxınlaşarkən hansı istiqamətin üstün olduğunu aydın şəkildə müəyyən edə bilməlidir”, – deyə ekspert bildirib.

Nişanların görünməsi əsas şərtlərdən biridir

Ərşad Hüseynov yol nişanlarının görünmə məsafəsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, nişan yalnız quraşdırılmaqla öz funksiyasını yerinə yetirmiş hesab edilə bilməz. Sürücü həmin nişanı vaxtında görməli, oxumalı və ona uyğun qərar qəbul edə bilməlidir.

“Nişanlar kifayət qədər məsafədən görünməlidir. Eyni zamanda onların gecə vaxtı da seçilməsi təmin olunmalıdır. Bunun üçün yolun işıqlandırılması ilə yanaşı, nişanların işıq qaytarıcı, yəni reflektor xüsusiyyətli materiallardan hazırlanması mühüm əhəmiyyət daşıyır”, – ekspert deyib.

O qeyd edib ki, müasir yol nişanlarında istifadə olunan xüsusi işıq qaytarıcı materiallar avtomobilin faralarından düşən işığı sürücünün istiqamətinə qaytararaq nişanın qaranlıq vaxtı da görünməsinə imkan verir.

Ekspertin sözlərinə görə, nişanların görünməsinə yalnız onların materialı deyil, yerləşdirildiyi məkan da təsir göstərir.

“Yol nişanının qarşısında onun görünməsinə mane olan hər hansı obyekt olmamalıdır. Ağaclar, budaqlar və digər yaşıllıqlar müəyyən müddətdən sonra nişanın görünüşünü məhdudlaşdıra bilər. Buna görə də yaşıllıqların mütəmadi nəzarətdə saxlanılması və zərurət yarandıqda budanması da yol hərəkətinin təşkilinin tərkib hissəsi kimi qiymətləndirilməlidir”, – deyə ekspert bildirib.

O əlavə edib ki, bəzi yol şəraitlərində nişanın yalnız yolun sağ tərəfində yerləşdirilməsi kifayət etmir.

“Bəzi hallarda nişanın təkrar yerləşdirilməsi, yolun sol tərəfində də quraşdırılması və ya yolun üzərindən asılması tələb oluna bilər. Burada əsas məqsəd sürücünün nişanı vaxtında və maneəsiz görməsini təmin etməkdir”, – ekspert vurğulayıb.

Yol hərəkətinin təşkilindəki qüsurlara görə məsuliyyət məsələsi

Ekspert hesab edir ki, yol hərəkətinin təşkilində müəyyən edilmiş standartların və tələblərin pozulması yalnız texniki məsələ kimi nəzərdən keçirilməməlidir.

Onun sözlərinə görə, dövlət tərəfindən təşkil edilən yol hərəkəti sistemi sürücülərin təhlükəsiz və proqnozlaşdırıla bilən şəraitdə hərəkət etməsinə imkan verməlidir.

“Yol hərəkətinin təşkilində qüsur varsa, bu qüsurun yaranmasına və aradan qaldırılmamasına səbəb olan halların araşdırılması vacibdir. Əgər yol-nəqliyyat hadisəsinin baş verməsinə yol hərəkətinin təşkilindəki konkret çatışmazlıq təsir edibsə, həmin məsələ ayrıca araşdırılmalıdır”, – ekspert bildirib.

O vurğulayıb ki, məsuliyyət məsələsi araşdırılarkən hadisənin bütün səbəb və şərtləri nəzərə alınmalıdır.

“Əsas məsələ yalnız sürücünün davranışına qiymət vermək deyil. Yol şəraiti, nişanların düzgün yerləşdirilib-yerləşdirilməməsi, onların görünməsi, hərəkət istiqamətlərinin aydın göstərilməsi və digər amillər də araşdırılmalıdır”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, sürücünün qarşısına çıxan yol şəraitinin düzgün təşkil edilməməsi onun hərəkət imkanlarını məhdudlaşdırırsa, bu hal hüquqi qiymətləndirmə zamanı nəzərə alınmalıdır.

“Əgər sürücü yol hərəkətinin təşkili ilə bağlı yaranmış obyektiv çatışmazlıq səbəbindən zəruri nişanı və ya hərəkət şəraitini vaxtında görə bilməyibsə və nəticədə səhvə yol veribsə, həmin vəziyyət avtomatik şəkildə yalnız sürücünün məsuliyyəti kimi qiymətləndirilməməlidir. Burada yol şəraitinin formalaşdırılmasında və mövcud qüsurların aradan qaldırılmasında məsul olan tərəflərin də fəaliyyəti araşdırılmalıdır”, – ekspert bildirib.

Əli Şəyəldiyev
Azmedia.Az