Adına evi olanların NƏZƏRİNƏ: Bu təmir işləri üçün əvvəlcədən icazə almalısınız!
Mənzil sahibi olan şəxslər təmirə başlamazdan əvvəl hansı işləri sərbəst şəkildə həyata keçirə biləcəklərini, hansı dəyişikliklərin isə əvvəlcədən razılaşdırılmalı olduğunu bilməlidirlər. Çünki bəzi təmir işləri sadəcə kosmetik dəyişiklik hesab olunduğu halda, digərləri qanunvericiliyin tələblərinə uyğun razılaşdırma tələb edir.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində cari təmir, əsaslı təmir və yenidənqurma ayrı-ayrı anlayışlar kimi müəyyən edilib.
Cari təmir konstruksiyalarda və mühəndis-kommunikasiya sistemlərində dəyişiklik edilmədən, obyektin istismar keyfiyyətinin qorunması məqsədilə görülən işləri əhatə edir. Bu çərçivədə divarların rənglənməsi, divar kağızlarının dəyişdirilməsi, döşəmənin yenilənməsi, qapıların dəyişdirilməsi və digər kosmetik işlər, bir qayda olaraq, konstruktiv dəyişiklik hesab edilmir.
Lakin mənzilin planına müdaxilə edilməsi, divarların sökülməsi, yeni qapı və pəncərə yerlərinin açılması, eləcə də mühəndis-kommunikasiya sistemlərinin yerinin dəyişdirilməsi fərqli hüquqi tələblərin yaranmasına səbəb ola bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması texniki pasportda dəyişiklik edilməsini tələb edən konstruktiv elementlərin, o cümlədən daşıyıcı divarların, dirəklərin, mərtəbələrarası arakəsmələrin, pilləkənlərin və binada bir neçə yaşayış sahəsinə xidmət göstərən kommunikasiya qurğularının quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsi ilə əlaqəli ola bilər.
Məcəllənin 24-cü maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması müvafiq razılaşdırmanı həyata keçirən orqanın qərarı əsasında aparılır. Bunun üçün ərizə, mülkiyyət hüququnu təsdiq edən sənədlər, layihə və texniki pasport kimi sənədlərin təqdim edilməsi tələb olunur.
Xüsusilə yükdaşıyan divarlara müdaxilə, balkonun mənzilə birləşdirilməsi, fasadın dəyişdirilməsi və ümumi kommunikasiya sistemlərinə müdaxilə zamanı işlərə başlamazdan əvvəl hüquqi və texniki tələblərin dəqiqləşdirilməsi vacibdir.
Mənzil sahibinin öz əmlakında dəyişiklik etmək hüququ olsa da, bu hüquq binanın təhlükəsizliyinə, konstruktiv dayanıqlığına və digər sakinlərin hüquqlarına zərər vurmağa əsas vermir.
Beləliklə, mənzildə təmirə başlamazdan əvvəl görüləcək işlərin sadə kosmetik təmir, əsaslı təmir, yoxsa yenidənqurma hesab edildiyini müəyyənləşdirmək, zəruri hallarda isə müvafiq razılaşdırma və layihə sənədlərini hazırlamaq tövsiyə olunur.



