Gəncənin ilk raket hücumuna məruz qalmasından 6 il ötür

Gəncənin ilk raket hücumuna məruz qalmasından 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür.

Azmedia.Az xəbər verir ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür.

2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

Ermənistanın raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum olub.

Gəncənin bombalanması nəticəsində mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb.

Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə – 4, 5, 8, 11 və 17 oktyabrda raket və ağır artilleriya ilə hücum edilib.

Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.