İlham Əliyev 23 il əvvəl ilk dəfə Prezident seçildi – 15 oktyabrın əhəmiyyəti

İlham Əliyev 23 il əvvəl ilk dəfə Prezident seçildi – 15 oktyabrın əhəmiyyəti

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. O, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq dövlət başçısı seçilib.

Azmedia.Az xəbər verir ki, 2003-cü il oktyabrın 1-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin dəstəklənməsinə çağırış etmişdi:

"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.

Nəticədə, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçmişdi. Bununla da ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyulmuşdu.

İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif sahələrdə inkişaf etdiyi, əhalinin rifahının yaxşılaşdığı, ölkənin siyasi və iqtisadi imkanlarının genişləndiyi, müasir ordunun yaradıldığı və beynəlxalq arenadakı mövqelərinin möhkəmləndiyi qeyd olunur. Regionda həyata keçirilən beynəlxalq və irimiqyaslı layihələrdə Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması da bu dövrün əsas istiqamətləri sırasında göstərilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyi və Heydər Əliyevin torpaqların azad olunması ilə bağlı arzusunun həyata keçdiyi vurğulanır. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin xalqa müntəzəm müraciətlər etdiyi, həmin çıxışların cəmiyyətin səfərbər olunmasına, xalqın birliyinə, eləcə də müharibənin gedişinə və nəticələrinə təsir göstərdiyi bildirilir. Bu müraciətlərin hər birinin növbəti qələbələrə zəmin yaratdığı qeyd olunur.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi inkişafın davam etdiyi, Qarabağda bərpa və quruculuq işlərinin geniş şəkildə aparıldığı, sosial proqramların həyata keçirildiyi bildirilir. Qarabağın yenidən qurulması və doğma yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması istiqamətində görülən işlər də diqqətə çatdırılır.