İlham Əliyev britaniyalı naziri qəbul etdi – bir sıra sahələr üzrə mühüm müzakirələr

İlham Əliyev britaniyalı naziri qəbul etdi – bir sıra sahələr üzrə mühüm müzakirələr

Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvar arasında görüş keçirilib.

Azmedia.Az xəbər verir ki, görüş oktyabrın 6-da baş tutub.

Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu Azərbaycan Prezidentinə təqdim edib. O, Baş nazirin Azərbaycanla uzun illər ərzində inkişaf edən əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.

Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə təşəkkürünü çatdırıb.

Lord Anas Sarvar iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlıq əlaqələrinin formalaşdığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkənin uzun müddətdir yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu qeyd edib.

Görüş zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin Azərbaycana səfəri də məmnunluqla xatırlanıb.

Son dövrdə Birləşmiş Krallıqdan Azərbaycana müxtəlif səviyyələrdə rəsmi səfərlərin sayının artmasının münasibətlərin strateji əhəmiyyətinin göstəricisi olduğu bildirilib.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə də toxunulub.

Qeyd olunub ki, həmin iclas iqtisadi gündəlikdə yer alan müxtəlif istiqamətlər üzrə məsələlərin müzakirəsi baxımından yaxşı imkan yaradıb.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında enerji, iqtisadi-ticari əlaqələr, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.