İlham Əliyev Daşkənddə rəsmi qarşılandı – Şavkat Mirziyoyev onu qarşıladı FOTO-VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə rəsmi qarşılanma mərasimi təşkil olunub.
Azmedia.Az xəbər verir ki, avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.
Azərbaycan və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.
Daha sonra Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Sonda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev birgə foto çəkdiriblər.
Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


