Kartdan-karta köçürmə ilə bağlı limitlər bu banklarda işləmir
Azərbaycanda avqustun 1-dən kartdan-karta köçürmələr üzrə yeni məhdudiyyətlər tətbiq edilməyə başlasa da, bu qaydalar hələlik bütün banklarda icra olunmur.
Azmedia.Az-ın məlumatına görə, yeni qaydalara əsasən kartdan-karta köçürmələr üzrə gündə maksimum 5 çıxış və 5 mədaxil əməliyyatına, aylıq isə 20 min manat məbləğində limit müəyyən edilib. Eyni zamanda, vətəndaşın öz adına olan kartlar arasında aparılan köçürmələr bu məhdudiyyətlərdən kənarda saxlanılıb.
Bu fonda əməkdaşımız "Kapital Bank"ın Zabrat qəsəbəsində yerləşən bankomatının dünəndən etibarən işləməməsi ilə bağlı araşdırma apararkən "Birbank"ın nümayəndəsi ilə də həmsöhbət olub. Bank nümayəndəsi bankomatın fəaliyyətində yaranmış problemlə bağlı müraciətin aidiyyəti üzrə yönləndirildiyini bildirib: "Bankomatla bağlı qeyd etdiyiniz çətinlik aidiyyəti üzrə yönləndirildi. Bununla yanaşı, hazırda bankımız tərəfindən kartdan-karta köçürmələr üzrə gündəlik əməliyyat limiti tətbiq edilmir. Bu sahədə hər hansı dəyişiklik olacağı təqdirdə, bankımız tərəfindən müştərilərimizə əlavə məlumat veriləcəkdir".
Məsələnin aktuallığını nəzərə alaraq afn.az digər banklardakı durumu da öyrənməyə çalışıb. Bir neçə banka edilən zənglər cavabsız qalsa da, Azərbaycan Beynəlxalq Bankından (ABB) bildirilib ki, yeni limitlər onların kartlarına da hələlik tətbiq edilmir.
"Bizə bununla bağlı rəsmi qərar daxil olmayıb. Belə bir qərar olarsa, müştərilərimizə məlumat veriləcək", – deyə ABB-dən qeyd olunub.//afn


