Luis Enrikenin qızı ölümlə nəticələnən qəza zamanı avtomobildə olub – Hadisənin detalları

Luis Enrikenin qızı ölümlə nəticələnən qəza zamanı avtomobildə olub – Hadisənin detalları

PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines İspaniyada bir nəfərin həyatını itirdiyi yol qəzasında iştirak edən avtomobildə olub. O, hadisə zamanı xəsarət almayıb. 

Azmedia.Az xəbər verir ki, İspaniyanın “A Punt” telekanalının yaydığı məlumata əsasən, Paris Sen-Jermen klubunun baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölüm hadisəsi ilə nəticələnən yol-nəqliyyat qəzası zamanı avtomobildə olub.

Hadisə oktyabrın 8-də axşam saatlarında İspaniyanın La-Safor bölgəsində qeydə alınıb. Motosikletlə minik avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü həyatını itirib.

Məlumata görə, qəza zamanı avtomobili Sira Martines deyil, başqa şəxs idarə edib. Enrikenin qızı hadisə nəticəsində xəsarət almayıb.

Qəza ilə bağlı aparılan yoxlamalar zamanı avtomobil sürücüsünün alkoqol və narkotik maddələrdən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün götürülən testlərin nəticələri mənfi olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hazırda araşdırılır. İstintaq başa çatanadək avtomobilin sürücüsü iş üzrə şübhəli şəxs statusunda qalır.