Dünya üç güc arasında bölünə bilər: Bu ölkələr yeni ittifaqlar yaradacaq – SENSASİON SSENARİ
Dünya nizamında baş verən dəyişikliklər qlobal güc mərkəzləri arasında yeni təsir dairələrinin formalaşmasına gətirib çıxara bilər. Bu proses fonunda kiçik dövlətlərin müstəqilliklərini və təhlükəsizliklərini qorumaq məqsədilə birləşməyə məcbur qala biləcəkləri bildirilir.
Azmedia.Az xəbər verir ki, bu barədə “The Economist” jurnalında dərc olunan məqalədə qeyd edilib.
Belə ki, Rusiya-Ukrayna müharibəsi, Çin və Tayvan arasında artan gərginlik, eləcə də Donald Tramp administrasiyasının beynəlxalq təşkilatlardan geri çəkilməsi və mövcud dünya nizamını dəyişdirən siyasəti qlobal sistemdə ciddi transformasiyalara səbəb olur.
Nəşr mövcud vəziyyətin inkişafı ilə bağlı iki mümkün ssenarini nəzərdən keçirir. Birinci ssenariyə əsasən, beynəlxalq institutlar fəaliyyətlərini davam etdirəcək, lakin onların təsir imkanları və effektivliyi zəifləyəcək. İkinci ssenaridə isə böyük dövlətlərin digər ölkələrə öz şərtlərini açıq şəkildə diktə etməyə başlayacağı ehtimal olunur.
Məqalədə diqqətə çatdırılır ki, Kanada və Avropa ölkələri Moskva, Vaşinqton və Pekindən həddindən artıq asılı vəziyyətə düşməmək üçün orta gücə malik dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ittifaqların möhkəmləndirilməsinə çalışırlar.
“The Economist” mümkün yeni “Yalta” formatının meydana çıxması ehtimalını da gündəmə gətirir. Belə bir razılaşma Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında dünyanın müxtəlif təsir dairələrinə bölünməsini nəzərdə tuta bilər.
Nəşrin qiymətləndirməsinə görə, bu cür geosiyasi razılaşmanın əldə olunması Ukrayna üçün məcburi təslimiyyətlə nəticələnə bilər.

