Naxçıvanda Regional DOST Mərkəzi fəaliyyətə başladı- FOTO
Naxçıvan Regional DOST Mərkəzinin açılışı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.
Azmedia.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılan şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, yeni mərkəzdə əhaliyə 164 növ sosial xidmət göstəriləcək. Burada ümumilikdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək. Gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Mərkəzdə bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub. Pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlər vahid məkanda, operativ və əlçatan şəkildə təqdim ediləcək.
Əlilliyi olan şəxslər üçün mərkəzdə tibbi-sosial ekspertiza, fərdi ehtiyaclara uyğun reabilitasiya vasitələri ilə təminat və ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də həyata keçiriləcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərlə də tanış olublar.
Qeyd olunub ki, indiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim edilib. Yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər nəticəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi istiqamətində aparılan işlər nəticəsində bu vasitələrin çeşidi 57-dən 130-a çatdırılıb. Bu ilin əvvəlindən etibarən əlilliyi olan şəxslərə 300 minədək müxtəlif növ reabilitasiya vasitəsi verilib.
Dövlət başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış müxtəlif əl işlərindən ibarət sərgiyə də baxıblar. Bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj və floristika nümunələri təqdim olunub.
Bildirilib ki, həssas qruplardan olan şəxslərin yaradıcılıq imkanlarının üzə çıxarılması və iqtisadi fəallığının dəstəklənməsi məqsədilə yaradılan “dostart.az” portalı vasitəsilə əl işlərinin onlayn satışı həyata keçirilir.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edilib.
Qeyd olunub ki, əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə 20 istiqamətə çatdırılması planlaşdırılır.
Son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə 300-dən artıq mükafat və sertifikat təqdim olunub.
Hazırda DOST şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzi, 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.


