Nazirlikdən XƏBƏRDARLIQ – Hava kəskin pisləşəcək
Güclü külək, intensiv yağış və sel təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edildi.
Azmedia.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcək, fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
FHN güclü külək zamanı yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edib. Bundan başqa, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
İntensiv yağış zamanı isə sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda dərhal yüksəkliyə qalxmaq çağırışı edilib.
Həmçinin kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.


